Psixoloji tramvadan necə xilas olmaq olar? - AÇIQLAMA

SOSİAL
13:24 / 26.02.2025
78

"Psixoloji travma insanların həyatında dərin izlər buraxan, bəzən uzun müddət davam edən, zehni və emosional sağlamlığa mənfi təsir göstərən bir vəziyyətdir". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bunlar təcrübələrin bədənin və ruhun müxtəlif hissələrində yaranan travmatik təsirləridir:

"Travma yaşayan şəxslər bəzən onu həll etməkdə çətinlik çəkirlər. Hər kəsin travma ilə üzləşməsi və ona reaksiya verməsi fərqli ola bilər. Bəziləri bu çətinlikləri öz başlarına aşmağa çalışsa da, daha geniş və güclü dəstək sistemlərinə ehtiyac duyurlar. Travmadan xilas olma prosesi zaman alır, özünə qarşı mərhəmət və başqalarından dəstək qəbul etmək vacibdir.

Birincisi, insanların özlərində travmanı tanımaları və bu vəziyyətin onların həyatını necə təsir etdiyini anlamaları önəmlidir. Hisslərinizi başa düşmək, onlarla üzləşmək və qəbul etmək travmanın təsirlərini daha yaxşı idarə etməyə kömək edə bilər. Duyğusal özünə qayğı bir çox insan üçün psixoloji yaxşılaşma yolunda atılan ilk addım olur. Yavaş-yavaş, hisslərə və emosiyalara daha diqqətli yanaşmaq stressi idarə etməyə kömək edir və ruh halını stabilləşdirir. Bu yanaşma həmçinin gündəlik həyatın tələblərini daha sağlam şəkildə qarşılamağa da imkan verir". 

368405

Ekspert qeyd edib ki, fiziki fəaliyyət və təbiətə çıxmaq travmadan xilas olma prosesini sürətləndirə bilər:

"İdman fiziki gücü artırır, həmçinin endorfinlərin sərbəst buraxılmasına kömək edərək ruhi vəziyyəti yaxşılaşdırır. Eyni zamanda, yaxşı qidalanma, düzgün yuxu və sosial dəstək də vacibdir. Dəstək qruplarına qatılmaq və təcrübələri paylaşmaq, travma ilə başa çıxmaqda bəzən tək olmadığınızı anlamanızı təmin edir. 

Hər bir insanın öz bərpasını tapması üçün fərqli yolları var və hər şey zamanla həyata keçir. Psixoterapiya da çox vaxt faydalı bir yanaşmadır. Bu, travma ilə bağlı düşüncə və davranışları dəyişdirərək sağlam bir şəkildə bərpa olmağa kömək edir. Psixoterapiya, xüsusən kognitiv-davranış terapiyası və EMDR kimi metodlar, travmaların izlərini yüngülləşdirməyə və şəxsin həyatını daha müsbət şəkildə yönləndirməyə kömək edir".

Mütəxəssis diqqətə çatdırıb ki, bu yanaşmalar düşüncə tərzini və davranışları dəyişdirərək psixoloji sağlamlığı yaxşılaşdırır:

"Hər bir insanın ehtiyacları və reaksiya müddəti fərqlidir. Buna görə də terapevtik yanaşmalar da fərdiləşdirilməlidir. Psixoterapiya müddətində bəzən yalnız bir neçə seans kifayət edir. Digər hallarda isə daha çox dəstəyə ehtiyac ola bilər. Hər halda, psixoloji sağalma yalnız keçmişin travmalarını unutmaqla deyil, həm də onların təhlil edilməsi və onlarla barışmaqla mümkündür.

Bu prosesdə mərhəmət və özünə inam böyük rol oynayır. Həyatın çətinlikləri ilə mübarizə apararkən, zamanla özünüzü anlamaq və sağlam yanaşmalar tətbiq edərək, daxili gücünüzü tapmağa başlaya bilərsiniz.  Psixoloji sağalma yalnız travmalardan qurtulmaq deyil, həm də həyatın gözəlliklərini və müsbət tərəflərini görməkdir".

Pərviz

0