"Bəzi insanlar - oğlan və ya qız fərq etmədən soyuq qış aylarında nazik yay paltarları geyinirlər. Həmin insanların geyimləri isə ətrafındakılar tərəfindən birmənalı qarşılanmır".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, adətən mövsümünə və havaya uyğun paltarlar geyinməyən insanlara qınayıcı nəzərlərlə baxılır:
"Lakin hər bir orqanizm fərqlidir. Bəzi insanların metabolizması yaxşı olduğundan üşümürlər. Həmin şəxslər buna görə çox qalın geyinmirlər. Lakin qalın geyinməməklə qışda yay paltarı geyinmək arasında çox böyük fərq var.
Sözsüz ki, soyuq havada yay paltarları geyinmək özünü sübut etməyə çalışmaqdan irəli gəlir. Bəzi insanlar müəyyən zamanlarda başqalarının etmədiklərini edərək özlərini onlara sübut etməyə çalışırlar".
Ekspert qeyd edib ki, həmin gənclər bu addımları ilə soyuqdan üşümədiklərini göstərmək istəyirlər:
"Hətta onlar "Üşümürsən?" və ya "Sənə soyuq deyil?" suallarını çox sevirlər. Bu zaman qəribə bir gülüşlə onlara qətiyyən soyuq olmadığını və buna öyrəşdiyini deyərək özləri ilə öyünürlər. Bu isə daxildəki isbat istəyindən irəli gəlir".
Nabat Mirzəyevanın sözlərinə görə, belə şəxslər ictimai nəqliyyatda digər şəxslərə özlərinin onlardan fərqləndiyini göstərmə niyyətində olurlar:
"Düşünürlər ki, soyuq havada nazik geyinməklə digər insanlardan güclü və fərqli olduqlarını sübut edirlər. Əslində, çox zaman uşaqlıqda evdə sıxışdırılmış ya da ərköyün böyüyən insanlar belə davranırlar. Daha çox istisna olaraq 15-25 yaş aralığında olan bəzi qızlar və ya oğlanlar soyuq havada nazik geyinirlər. Onlar, özlərini göstərmək və hər kəs kimi olmadıqlarını bildirməyə çalışırlar".
Pərviz