Bəzi uşaqlar nə üçün gec danışır? - AÇIQLAMA

SOSİAL
13:21 / 03.03.2025
117

"Bəzi uşaqların danışmağa daha gec başlaması valideynləri narahat edən əsas məsələlərdən biridir".

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, normal inkişaf göstəricilərinə görə, uşaqlar adətən 12-18 ay aralığında ilk sözlərini söyləyir və 2 yaşına qədər sadə cümlələr qurmağa başlayırlar:

"Lakin bəzi hallarda bu proses ləngiyə bilər. Bunun əsas səbəbləri arasında bioloji və nevroloji faktorlar, eşitmə problemləri, psixoloji amillər, sosial mühitin təsiri, habelə genetik faktorlar yer alır. Həmçinin, beyin inkişafındakı fərqlər və nitq mərkəzinin gec yetişməsi uşağın danışmasını gecikdirə bilər. 

Eyni zamanda, uşağın eşitmə problemlərinin olması, ətrafdakı səsləri düzgün ayırd edə bilməməsi onun nitq inkişafına mənfi təsir göstərir. Emosional travmalar, valideyn-uşaq münasibətində soyuqluq və ya uşağın az danışılan bir mühitdə böyüməsi də gecikməyə səbəb ola bilir".

368717

Psixoloq vurğulayıb ki, valideynlər uşağın danışmasını sürətləndirmək üçün bəzi sadə, amma effektiv üsulları gündəlik həyatlarına daxil edə bilərlər:

"Məsələn, uşağın ətrafında daim danışıq olmalıdır ki, o da sözləri eşidib öyrənsin. Mətbəxdə yemək bişirərkən, gəzməyə çıxarkən və ya oyuncaqlarla oynayarkən uşaqla söhbət etmək çox faydalıdır. Uşağın danışmağa motivasiyasını artırmaq üçün dediyi hər bir səsi və sözü maraqla dinləmək, onu təkrarlamaq və həvəsləndirmək lazımdır. 

Bundan başqa, ekran vaxtına nəzarət etmək də önəmlidir. Çox vaxt valideynlər uşağın nitqinin gecikdiyini görüb telefon və ya planşetdə danışdıran videolar göstərirlər. Amma bu, həmişə effektiv olmur. Çünki bu tək tərəfli ünsiyyətdir və uşaq danışmağı real ünsiyyət zamanı öyrənir. Ən yaxşısı, uşaqla göz təması quraraq, suallar verərək və onu cavab verməyə təşviq edərək ünsiyyət yaratmaqdır".

Ülviyyə İlqar sözlərini belə yekunlaşdırıb:

"Əgər uşaqda təkcə gec danışma yox, eyni zamanda başqaları ilə ünsiyyətdən qaçma, göstərişlərə reaksiya verməmə və göz kontaktı qurmama kimi hallar da müşahidə olunursa, bu, əlavə diqqət tələb edir. O zaman mütəxəssisə müraciət etmək vacibdir. Erkən yaşda nitq inkişafını dəstəkləmək üçün loqoped, nevroloq və ya uşaq psixoloqu ilə məsləhətləşmək faydalı ola bilər. Əsas odur ki, səbəbi düzgün müəyyən edib, uşağa uyğun dəstək göstərilsin".

Pərviz

0