Ramazan ayında toy etmək olar?

SOSİAL
20:18 / 04.03.2025
42

“Ramazan ayında toy da, nişan da digər məclislər də keçirmək olar. Sadəcə iftardan sonra olsa daha məqsədəuyğundur. Çünki , qonaqlar arasında oruc tutanlar olar ki, onlara hörmətsizlik olmamalıdır”. 

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib. 

O bildirib ki, İslam ənənəsinə görə toy kimi şənliklər şəriətdə qadağan olunmuş qida və haram işçkilərdən uzaq olmalıdır. Adətən buna görə deyirlər ki, Ramzanda toy etmək olmaz:

“Sanki haramı başqa aylarda istifadə etmək olarmış, yalnız Ramazanda etmək olmazmış. Halal - harama riayət etməyənlər üçün isə fərqi yoxdur. Toy etmək olmaz deyə bir qadağa yoxdur. Əksinə toy, nişan, sünnət mərasimləri elə Ramazan ayı kimi parlaq aylara salınmalıdır. Sadəcə yerində və zamanında olmalıdır. Nə gözəl olar ki, insan toyu iftar zamanına salsın və sərxoşedici vasitəsilələri də təxirə salsın. Amma bizim toylar alver xarakterli olduğu üçün bunu etmirlər. Çünki , verilən yeməyə görə hamı pul yazdırır. İftar da pulsuz verilməlidir. 

Demək çox pis adətlərimiz var. Yasımız da toyumuz da alverə, maddi maraqlara xidmət edir. Başqa ölkələrdə toy mərasimləri yüngül qəlyanaltı ilə, şərbət və şirniyyatla, bəzən də ayaqüstü keçirilir. İnsanlar qarnını doldurmağa yox, mənəvi zövq almağa gedirlər və əsas məqsəd də toy sahibinə xeyir - dua verirlər. Bizdə isə adamlar toya borc qaytarmağa gedir. Hətta özü xəstə olanda da ailədən yaxşı yeyə bilən birini seçib göndərir ki, gedib yaxşı yeyib gəlsin. Əgər belə olmasaydı , təbii ki, toyları Ramazan ayının iftarına salmaq olardı. Yenə də adamlar öz hədiyyələrini təqdim edə bilərdilər.

Adətlərlə dini qaydaları gərək üz - üzə qoymayasan, uzlaşdırasan. Zidd qoyulanda bax belə anlaşmazlıq ortaya çıxır. Bir qism deyir, toy etmək olmaz, digəri isə bunun əksini deyir.

Orta məxrəc olaraq, onu deyə bilərik ki, ənənəvi toylarımızın Ramazan ayında keçirilməsində heç bir dini qadağa yoxdur. Ancaq zamanı və qidanı düz seçmək, oruclu insanları nəzərə almaq lazımdır. İslam dinində, inancında ümumiyyətlə matəm ayı, toy etməmək, şənlik etməmək ayı yaxud günü yoxdur. Əksinə, Peyğəmbər salavatullah xeyirli işləri təxirə salmamağı əmr edib”.

Sevinc

0