Şagirdlərin həyatında ən önəmli və vacib günlərdən biri buraxılış imtahanlarıdır.
İmtahanqabağı isə stress, qayğılar, depressiya, yorğunluq bir çox şagirdin üzləşdiyi əsas problemlərdən biridir.
Bu kimi hallar isə imtahanda göstərilən nəticələrə bir çox hallarda mənfi təsir göstərir.
Hər il imtahandan bir neçə gəncin nəticəsi pis olduğu üçün intihar etdiyinin şahidi oluruq.
Ötən gün Yevlax rayonu Qoyunbinəsi kəndində 11-ci sinif şagirdi R. Ş. yaşadıqları evin həyətində özünü asıb.
Qeyd edək ki, bu kimi hallar demək olar ki, hər imtahandan sonra qeydə alınır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, abituriyentlərdə imtahandan əvvəl həyəcan səviyyəsi çoxalır, ona görə də imtahan stressi yüksək olur:
"Uşaqlara imtahan həyəcanını güclü şəkildə çatdırırıq. Bu da onların çiyinlərinə yüklənir. Valideynlər düşünür ki, nə qədər məsuliyyəti artırsam, bir o qədər yaxşı olar. Amma bir şeyi unutmamaq lazımdır ki, əgər valideyn övladında imtahana qarşı nə qədər adi, normal hisslər yaratsa, o, maksimum öz bacarığını göstərər. İmtahan zamanı təbii ki, stress səviyyəsi yüksəldikcə bilik səviyyəsi aşağı düşür, gərginlik artır. Bu da imtahan nəticələrinə təsir edir”.
Sevinc