"Bəzi insanlar özlərini həddindən artıq dərəcədə sevirlər. Belə insanlar narsist adlanır".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, narsizm bir insanın özünü həddindən artıq dərəcədə dəyərli və xüsusi görmə, habelə başqalarından davamlı təsdiq və heyranlıq alma ehtiyacı ilə xarakterizə olunan bir şəxsiyyət xüsusiyyətidir:
"Narsist insanlar özlərini başqalarından üstün və müstəsna hiss edirlər. Bu vəziyyət, psixoloji pozuntuya çevrildikdə narsistik şəxsiyyət pozuntusu adlanır. Narsizmin yaranma səbəbləri isə müxtəlif faktorlardan asılı olur. Bunlardan birincisi, uşaqlıqda yaşanan travmalardır. Sevgi və diqqət çatışmazlığı, valideynlər tərəfindən çox idealizə edilmə və ya tam əksinə, sərt tənqid edilmə uşaqlarda narsistik davranışların inkişafına səbəb ola bilir.
İkincisi isə genetik amillərdir. Belə ki, bəzi araşdırmalar narsizmin genetik və bioloji faktorlardan təsirləndiyini göstərir. Yəni beynin müəyyən bölgələrindəki funksional fərqliliklər narsistik davranışları təşviq edə bilər. Üçüncüsü də sosial və mədəni amillərdir. Cəmiyyətdə və sosial şəbəkələrdə mükəmməl görünməyə çalışmaq, özünü başqalarına göstərmək kimi diqqət çəkmək ehtiyacı narsistik davranışların inkişafına səbəb olması mümkündür".
Ekspert narsist insanların ətrafdakılara necə təsir etdiyi barədə də danışıb:
"Ümumiyyətlə, narsist şəxslər başqalarının duyğularını və ehtiyaclarını anlamaqda çətinlik çəkirlər. Onlar öz maraqlarını başqalarından üstün tutaraq, ətrafdakıları laqeyd və ya əhəmiyyətsiz hiss etdirə bilərlər. Həmçinin, narsist insanlar başqalarını öz məqsədləri üçün manipulyasiya etməyə meylli olurlar. Onlar, özlərinə xidmət etmək və başqalarını istədikləri şəkildə yönləndirmək üçün manipulyativ taktikalar belə əl atırlar.
Eyni zamanda, belə şəxslər çox vaxt başqalarını aşağılayır, tənqid edir və onlara qarşı aqressiv davranırlar. Bu isə ətrafdakılarda emosional zədələnmələrə, özünə hörmətin azalmasına və etibarsızlığa səbəb ola bilər. Narsistlər həm də münasibətləri yalnız öz maraqları üçün istifadə edirlər. Başqalarının hisslərinə və ehtiyaclarına isə qarşı diqqətsiz yanaşırlar".
Psixoloq narsizmdən qurtulmaq üçün nələr etmək lazım olduğu haqqında isə bunları söyləyib:
"İlk növbədə, narsist şəxslər üçün ən effektiv müalicə metodlarından biri psixoterapiyadır. Kognitiv-davranış terapiyası və psixodinamik terapiya şəxsin öz davranışlarını anlamağa və dəyişdirməyə kömək edir. Əslində, narsist şəxslərin empatiya bacarıqlarını inkişaf etdirməsi başqalarının hisslərini anlamağa və onlara hörmətlə yanaşmalarına kömək edəcək.
Bundan əlavə, hər bir şəxsin özünü başqalarının təsdiqinə ehtiyac duymadan dəyərli hiss etməsi olduqca vacibdir. Bu da öz növbəsində daha sağlam və balanslı sosial əlaqələrin qurulmasına kömək edir. Eyni zamanda, sosial dəstək qrupları və psixoloji dəstək narsistik şəxslərin öz davranışlarını dəyişdirməyə və sağlam münasibətlər qurmağa kömək edə bilər".
Zəhra Zahidova diqqətə çatdırıb ki, narsizm psixoloji bir vəziyyət olaraq müalicə edilə bilər:
"Çox vaxt narsist şəxslər müalicəyə ehtiyac olmadığını bildirərək terapiyadan yayınırlar. Bu proses zaman və səbr tələb etsə də, bunun psixoloji bir pozuntu olduğunu qəbul etmək lazımdır.
Ümumiyyətlə, insanlar sağlam şəxsiyyətin olması üçün terapiyaya ehtiyacını da dərk etməlidirlər. Narsistik şəxsiyyət pozuntusunun qarşısını almaq və ya onu idarə etmək üçün psixoterapiya və şəxsi inkişaf çox vacibdir".
Pərviz