Dünyanın sosial-iqtisadi inkişafında, demokratiyanın möhkəmlənməsində və insan haqlarının qorunmasında qadınların rolu inkaredilməzdir. Lakin buna baxmayaraq, qadınlar hələ də dünyada, o cümlədən ölkəmizin siyasi arenasında kifayət qədər təmsil olunmurlar.
Modern.az xəbər verir ki, ölkəmizdə hazırda fəaliyyət göstərən 24 siyasi partiyanın heç birinin rəhbəri qadın deyil, Azərbaycanın müstəqilliyi dövründə sadəcə bir qadının rəhbərlik etdiyi siyasi partiya olub ki, o da, 1995-2003-cü ildə Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyasıdır.
2023-cü il statistikalarına görə qadınların kişilərlə bərabər təmsil olunduğu yeganə partiya Yeni Azərbaycan Partiyası (YAP) olub. 744 334 üzvlük sayına görə ölkədə ən böyük siyasi partiya hesab olunan YAP-ın üzvlərinin 49.2 faizini kişilər, 50.8 faizini qadınlar təşkil edir. Qadınların ən az təmsil olunduğu siyasi partiya isə Sərdar Cəlilovun rəhbəri olduğu Azərbaycan Demokrat Partiyasıdır, bu partiyanın ümumi üzvlərinin sayının 97 faizi kişi, 3 faizi isə qadınlardan ibarətdir. Parlamentdə təmsil olunan müxalif partiyalar arasında isə qadın üzvlərinin sayı digərlərinə nisbətən çox olan partiya Fəzail Ağamalının rəhbəri olduğu Ana Vətən partiyasıdır, bu partiyaya üzv olanların 60 faizi kişi, 40 faizi isə qadındır. Parlamentdə təmsil olunan müxalif partiyalar içərisində kişilərin qadınlara görə daha çox təmsil olunduğu siyasi təşkilat isə Fərəc Quliyevin rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasıdır, belə ki, bu partiyaya üzv olanların 88 faizi kişi, 12 faizi isə qadınlardan ibarətdir.
Qeydiyyatda olan digər bütün siyasi partiyaların hər birində də üzvlərin ümumi sayının mütləq əksəriyyəti kişilərdir.
Siyahını təqdim edirik: