Son illər boşanmaların sayı sürətlə artır. Səbəblər müxtəlifdir. Amma boşanmalar bir sıra sosial və hüquqi problemlər yaradır. Bəzən aliment ödənişində problem ortaya çıxır. Hətta bəzi valideynlər uşaqdan belə imtina edir.
Bəs, valideyn övladından və yaxud aliment verməkdən nə zaman imtina edə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Rüstəmli bildirib ki, ata yalnız bir halda övladından imtina edə bilər:
“Bu da o halda olur ki, şəxs yalnız uşağın atası olmadığı təsdiqini tapdığı halda övladdan imtina edə bilər. Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq nikahın pozulduğu vaxtdan və atanın ölümündən 300 gün ərzində dünyaya gəldikdə, uşağın atası ananın keçmiş əri hesab olunur. Atalıq ər ilə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Yəni, ata öz doğma övladından imtina edə bilməz.
Hətta başqa bir kişi uşağın atası kimi qeydiyyata alınmaq istəsə belə, yenə də bioloji ata öz övladından imtina edə bilməz.
Ata öz övladından yalnız uşağın ondan olmadığı təqdirdə imtina edə bilər. Bunun üçün o, atalıq faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməli və DNT ekspertizası tələb etməlidir. DNT analizi nəticəsində onun həmin uşağın atası olmadığı müəyyən olunarsa, ata həm aliment ödəməkdən, həm də digər hüquqlardan imtina edə bilər".