Əlilliyi olan uşaqlar üçün ən ideal peşələr hansılardır?

SOSİAL
11:45 / 10.03.2025
44

"Hər bir uşaq unikal və özünəməxsus dəyərlərə malikdir". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, uşağın sevdiyi işlərlə məşğul olması onun özünə inamını artırır və uğur qazanma şansını yüksəldir:

"Əlbəttə ki, əlilliyi olan uşaqlar üçün ən uyğun peşə onların maraq və qabiliyyətlərinə əsaslanmalıdır. Bu, sadəcə bir peşə seçimi deyil, eyni zamanda onların həyat keyfiyyətini və özünü ifadə etmə imkanını da artırır. Məsələn, kompüterlə işləməyi sevən bir uşaq üçün proqramlaşdırma və ya veb dizayn kimi sahələr, yalnız texniki bilikləri deyil, həm də yaradıcı və analitik qabiliyyətləri inkişaf etdirməyə imkan yaradır. 

Əgər uşaq sözlərlə işləməkdən xoşbəxtlik alırsa, yazıçılıq, jurnalistika və ya redaktə kimi sahələr onun öz fikirlərini aydın və səlis ifadə etməsinə kömək edə bilər. Eyni zamanda, rəsm, musiqi və digər sənət növləri uşaqların duyğularını və yaradıcılıq potensialını ortaya qoymaq üçün əla vasitədir. Bu sahələrdə fəaliyyət göstərməklə uşaq həm öz emosiyalarını ifadə edir, həm də öz dünyasını kəşf edir".

369085

Ekspert qeyd edib ki, idarəetmə və ofis işləri kimi sahələr, planlı və təşkilatçı uşaqlar üçün uyğun ola bilər:

"Çünki bu işlər daha çox dəqiqlik, planlama və sistematik düşüncə tələb edir. Bununla yanaşı, uşaqların inkişafı üçün müvafiq dəstək çox önəmlidir. Valideynlər, müəllimlər və psixoloqlar olaraq, uşaqların maraq və qabiliyyətlərini düzgün müəyyənləşdirməyə kömək etmək və onlara uyğun mühit yaratmaq əsas vəzifədir. 

Uşaqların öz potensiallarını tam şəkildə reallaşdıra bilməsi üçün sadə, anlaşılan təlim proqramları, xüsusi dəstək qrupları və praktiki məşğələlər təşkil olunmalıdır. Həmçinin, müasir texnologiyalar və rəqəmsal imkanlar, əlilliyi olan uşaqlara məhdudiyyətlərini aşaraq yeni dünyalara addım atmaq şansı verir. İnternet və rəqəmsal platformalar sayəsində onlar evdən çalışa, öz fikirlərini və yaradıcılığını geniş auditoriyaya çatdıra bilərlər. Bu da onların peşə seçimində daha sərbəst və müstəqil olmalarına imkan yaradır". 

Ülviyyə İlqar vurğulayıb ki, hər bir uşaq öz maraqları, qabiliyyətləri və istəkləri ilə fərqlənir:

"Əlilliyi olan uşaqların da eyni potensiala malik olduğu unudulmamalıdır. Onların uğuru, yalnız seçdikləri peşəyə deyil, həm də onlara göstərilən dəstəyə, cəmiyyətin və ailənin sevgisinə bağlıdır. Doğru dəstək və uyğun təlim proqramları ilə, hər bir uşaq həyatında öz yolunu taparaq istədiyi uğuru əldə edə bilər".

Pərviz

0