"Psixoloji problemlər xüsusilə uzun müddət davam edən stress, narahatlıq, depressiya və ya digər psixoloji vəziyyətlər insanın fiziki sağlamlığına mənfi təsir göstərə, eləcə də miqren kimi baş ağrısı xəstəliklərinin yaranmasına səbəb ola bilər".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, miqren başın bir və ya iki tərəfində güclü ağrılarla müşayiət olunan, bəzən bulantı və ya işıqlara qarşı həssaslıqla təzahür edən nevroloji bir xəstəlikdir:
"Aparılan araşdırmalara görə, psixoloji vəziyyətlər, xüsusilə davamlı stress, narahatlıq və depressiya miqrenin yaranmasına və ya mövcud olan miqrenin şiddətinin artmasına səbəb olur. Stress və emosional gərginlik sinir sistemindəki kimyəvi balansı poza, bu isə ağrı hissiyatını gücləndirə bilər.
Həmçinin, stress və emosional vəziyyətlərin də bədənin hormon səviyyələrini dəyişdirməsi mümkündür. Xüsusilə də kortizol və serotonin kimi hormonların balanssızlığı miqrenin ortaya çıxmasına və ya mövcud vəziyyətin pisləşməsinə səbəb olma ehtimalı var".
Mütəxəssis diqqətə çatdırıb ki, psixoloji problemlər yalnız miqrenə deyil, həm də digər baş ağrısı növlərinə təsir göstərə bilər:
"Məsələn, narahatlıq və depressiyanın baş ağrılarının şiddətini artırması mümkündür. Bu vəziyyətlərdə beyindəki ağrı hissiyatını idarə edən strukturların funksionallığı pozulur. Bu da baş ağrılarının daha tez-tez və güclü şəkildə hiss olunmasına gətirib çıxarır.
Baş ağrısı və psixoloji sağlamlıq arasında qarşılıqlı bir dövr mövcuddur. Baş ağrıları psixoloji gərginlik yarada və bunun nəticəsində stress və narahatlığı dərinləşə bilər. Eyni zamanda, uzun müddət davam edən psixoloji problemlər də baş ağrılarının şiddətini və tezliyini artırması da mümkündür".
Zəhra Zahidova vurğulayıb ki, bu qarşılıqlı təsir səbəbindən miqren və baş ağrısı problemi olan insanlar psixoterapiya, stress idarəetmə və ya digər psixoloji müdaxilələrə daha çox ehtiyac duya bilərlər:
"Psixoloji problemlərin miqrenə və digər baş ağrısı xəstəliklərinə səbəb olma ehtimalı olsa da, psixoterapiya, kognitiv davranış terapiyası stress idarəetmə texnikaları və digər müalicə üsulları bu xəstəliklərin müalicəsində faydalı ola bilər. Məsələn, stressi idarə etmə və emosional balansı bərpa etmə, baş ağrılarının sayını və şiddətini azalda bilər. Bununla yanaşı, meditasiyanın və nəfəs texnikalarının da baş ağrısı üzərində müsbət təsir göstərdiyi məlumdur".
Pərviz