Müasir vergi orqanlarının yaradılmasının 25 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tədbirlər çərçivəsində ahıl şəxslər üçün musiqili istirahət proqramı təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Bilgəh qəsəbəsində yerləşən sosial xidmət müəssisəsində keçirilmiş tədbirdə ölkəmizdə aparılan sosial islahatlar, cəmiyyətin rifahı və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi, layiqli həyat şəraitinin təmin edilməsi, dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Vurğulanıb ki, Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və məqsədyönlü fəaliyyəti dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin gerçəkləşməsində böyük əhəmiyyətə malikdir.
Ahıl insanlara göstərilən diqqət və qayğı bütün dövlət qurumları, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən də dəstəklənir, qurumun təşəbbüsü ilə yaşlı insanlarla görüşlər təşkil edilir, dəstəkləyici tədbirlər həyata keçirilir və onların qarşılaşdıqları məsələlər daim diqqətdə saxlanılır.
Tədbir çərçivəsində xüsusi musiqili proqram və maraqlı müsabiqələr keçirilib. Sosial xidmət müəssisəsinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda adıçəkilən müəssisədə yaşayan şəxslərə hədiyyələr təqdim edilib.