Bəzi insanlar nə üçün bayramlara qarşı aqressiv olurlar?

SOSİAL
11:34 / 14.03.2025
61

"Bəzi insanlar doğum günləri və bayramlar kimi özəl günləri qeyd etməyi sevmirlər".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərin necə mühitdə böyüməsi bu yanaşmaya birbaşa təsir edir:

"Çünki bəzi uşaqlar bayramlara qarşı aqressiv olaraq böyüyürlər. Bəzi valideynlər isə övladlarına bayramların və ya doğum günlərinin xüsusi əhəmiyyəti olmadığını söyləyirlər. Yəni onlar belə günləri mənasız hesab edirlər. Bir çox hallarda belə şəxslərin keçmişində özəl günlərdə hansısa inamın və ya güvənin qırılması baş vermiş olur. Nəticədə, böyüdükləri zaman bayramlara və doğum günlərinə aqressiv yanaşırlar".

369415

Ekspert qeyd edib ki, onların həyat bucağı belə formalaşdığı üçün sözügedən özəl günləri mənasız hesab edirlər:

"Üstəlik, belə şəxslər bayram və ya doğum günlərini qeyd edənləri tənqid edir, hətta onlara əngəl olmağa çalışırlar. Həmçinin, maddi çətinliklər də belə düşüncənin formalaşmasına gətirib çıxara bilir. Yəni özəl gün qeyd etməyə imkanı olmayanlar da belə günlərə qarşı aqressiv olurlar. 

Hətta illər keçsə, imkanları düzəlsə belə yenə də bayramları qeyd etmirlər. Çünki bu, onların xatirəsində pis düşüncə kimi qalıb. Bütün bunlar depressiyaya səbəb olduğu üçün elə şəxslər bayramları və ya doğum günlərini qeyd etməyi sevmirlər"

Nabat Mirzəyeva onu da diqqətə çatdırıb ki, bəzi insanlar isə bayramları adi gün kimi dəyərləndirirlər:

"Onlar, belə özəl günlərin digər günlərdən fərqlənmədiyi inancına sahibdirlər. Bundan başqa, uşaqların sosial olaraq yetişdikləri mühitdə nə nə cür inanclarla böyüməsi də ciddi faktordur. Belə ki, bir çox insan doğum günü və ya bayramı qeyd etməyin düşər-düşməzi olduğuna inanır. Bəzi insanlar isə özəl günləri digər günlərlə müqayisədə çox pul xərcləndiyi üçün sevmirlər. Elə insanlar gündəlik həyat standartlarından kənara çıxmaq istəmirlər".

Mütəxəssis vurğulayıb ki, bütün bunların hər biri inancların təsiridir: "Nəzərə almaq lazımdır ki, inanc da bir insan psixologiyadır. Baxış bucağını dəyişməyən insanlar hansı inancla böyüsələr, o şəkildə də həyatlarına davam edirlər. Lakin hər zaman həyata fərqli şəkildə baxan insanlar uşaqlıq vaxtı yaşadıqlarından asılı olmayaraq, böyüdükcə baxış bucağını dəyişərək həyata daha mənalı baxmağa başlayırlar".

Pərviz
 

0