"Amnestiya fobiyası adlanan unutma qorxusu çox vaxt insanın həyatında müəyyən bir dəyişiklik və ya təzyiq ilə əlaqəli olaraq yaranır".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu qorxu psixoloji baxımdan adətən yaddaşın itirilməsi ilə bağlı narahatlıqlardan qaynaqlanır və fərdin özünü güvənsiz hiss etməsinə səbəb olur:
"Xüsusən yaşlı insanlar yaddaşlarının zəifləməsindən və bu səbəbdən sosial, iş və şəxsi həyatlarında çətinliklərlə qarşılaşmaqdan qorxurlar. Həmçinin, gənc nəsildə də eyni narahatlıq müşahidə edilə bilər. Çünki müasir dövrdə sürətli həyat tərzi, texnoloji asılılıq və həddindən artıq məlumatın qəbul edilməsi yaddaşın idarə edilməsinin çətinləşməsinə səbəb olma ehtimalı yüksəkdir".
Ekspert qeyd edib ki, unutma qorxusunun psixoloji əsasları arasında bir çox səbəb nəzərə çarpır:
"Birinci səbəb gələcək qorxusu və nəzarəti itirməkdir. Çünki insanlar yaddaşlarının zəifləməsini, həyatlarının üzərindəki nəzarətləri itirmək kimi qəbul edirlər. Bu, onları daha narahat və çaşqın edə bilər. Xüsusilə gənclər arasında bu qorxu yüksək performans tələbləri və sosial şəbəkələrdə davamlı məlumat axını ilə daha da güclənir.
İkinci isə narahatlıq və stressdir. Yaddaş problemləri narahatlıq və streslə bağlıdır. İnsanlar müəyyən hadisələri unudub yanlış qərarlar verdikləri üçün gələcəkdə daha çox səhv etməkdən qorxurlar. Bu isə onlarda hər zaman qeyd etmə və planlaşdırma alışqanlıqları yaradır".
Həmsöhbətimiz digər səbəbləri də sıralayıb:
"Kimlik və özünü qiymətləndirmə də səbəblər sırasındadır. Yaddaş və şəxsiyyət bir-biri ilə sıx bağlıdır. Unutmaq bəzən öz şəxsiyyətimizin və kimliyimizin parçalanması kimi hiss edilə bilər. Hətta bir neçə sadə şeyin unudulması belə, insanın özünü zəif və güvənməz hiss etməsinə səbəb olması mümkündür.
Unutma qorxusu yaşayan insanlar öz yaddaşlarında müəyyən dəyişikliklər və ya unudulmalar hiss etdikdə bu vəziyyətdən daha çox narahat olurlar. Narahatlıq isə onları alzheimer kimi ciddi bir xəstəliklə əlaqələndirməyə təşviq edə bilər. Lakin bu, hələlik diaqnoz qoyulmuş bir alzheimer xəstəliyi olmadığı halda, sadəcə psixoloji bir reaksiyadır".
Zəhra Zahidova vurğulayıb ki, əgər bir insanın yaddaşında ciddi və davamlı problemlər yaranırsa, bu zaman mütləq bir nevroloq və ya psixiatrdan məsləhət alınmalıdır:
"Yaddaş problemləri alzheimer kimi nevroloji xəstəliklərin erkən əlaməti ola bilər. Lakin bunun bəzən stress və ya narahatlığın təsiri ilə də meydana gəlmə ehtimalı var.
Unutma qorxusu alzheimer səbəb olmur, amma belə narahatlıqların yaranması zamanla daha ciddi nevroloji problemlərin erkən əlamətləri ilə qarışdırıla bilər. Hər halda, hər hansı ciddi yaddaş problemi müşahidə edildikdə mütəxəssisə müraciət etmək vacibdir.
Unutma qorxusu müasir dövrdə həyatın təzyiqləri və sosial gözləntiləri ilə əlaqəli bir fenomen ola bilər. Lakin bu qorxu ilə mübarizə aparmaq üçün həm psixoloji dəstək, həm də gündəlik həyat tərzinin tənzimlənməsi vacibdir".
Pərviz