"Fitrə zəkatı oruc tutan insanların digər şəxslərlə, əsasən də maddi, sosial cəhətdən zəif, həssas zümrəyə təqdim etdikləri yardım, dəstəkdir".
Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.
O bildirib ki, fitrə zəkatı elə verilməlidir ki, təqdim olunan insan alçaldılmış olmasın. Yəni, elə miqdarda verilməlidir ki, dövrün tələblərinə görə verilən adam özünü təhqir olunmuş saymasın:
"Tutaq ki, kiməsə aparıb 3 kq arpa, buğda vermək onu təhqir etmək olar. Fitrə konkret mənada oruc tutan yaxud tutmayan adamların bir ay ərzində günortalar yediyi yaxud yemədiyi yeməklərin miqdarı, məbləğidir ki, bunu başqalarına hədiyyə edir. Təqribən adam başına minimum 3 kq yaxud onun məbləğində verilir. Dənli bitkilər olan arpa, buğda, qarabaşaq, lobya, xurma habelə un kimi vasitələr nümunə kimi verilib. Tutaq ki, undan hazırlanana çörək, şirniyyatlar, şəkərbura da verilə bilər. Özü də Novruz bayramı ərəzəfəsidir, belə daha yaxşı olar. Bəzən yanlış olaraq, müxtəlif məbləğlər açıqlayırlar fitrə üçün. Bu həm yanlış həm də günahdır. Çünki, deyirlər ki, insanlar adam başına filan məbləğdə fitrə verməlidirlər. Onların da bəzilərinin imkanı buna çatmır və narahat olurlar. Ən əsası isə adam başına filan qədər məbləğ verilməlidir ifadəsi dini təhrif etməkdir. Məgər arpa ilə qarabaşaqın qiyməti eynidir? Yaxud buğda ilə xurmanın qiyməti eynidir? Əlbəttə böyük fərq var və eyni deyil. Onda bu fətvanı verənlər adam başına 3 kq buğdanın dəyərinə görə, yoxsa xurmanın dəyərinə görə hesablayıb o rəqəmi alırlar və elan edirlər ki, adam başına filan qədər verilməlidir?
İslamın açıqladığı həmin ərzaq növləri ona görə ucuzdan bahalıya - yəni arpadan xurmaya qədər sıralalanır ki, maddi cəhətdən hamı eyni yaşamır, kimin hansı ilə verməyə gücü yetirsə onunla da versin. Məsələn, buğdanın məbləğinə gücü yetən adam başına 3 kq buğda yaxud onun məbləği ilə versin. Amma maddi imkanı xurmaya çatan onunla versin. Biri bəlkə qarabaşaq alıb satır, ona gücü çatırsa onunla versin. Hamı üçün eyni məbləğ açıqlamaq İslam şəriətini təhrif etmək, fitrə zəkatının sosial mahiyyətini pozmaqdır. Ola bilər, sən fitrə qəbul edənlərə fayda vermək istəyirsən, amma fitrə verənlərə qarşı haqsızlıq etmiş olursan. Məgər oruc tutan adamların hamısı eyni maddi imkana malikdir ki, fitrənin də eyni məbləğdə versinlər? Əsla belə deyil.
Ancaq adam başına 3 kq qeyd olunan vasitələrin məbləği ya özü minimum həddir. Yəni , varlı, maddi cəhətdən yüksək imkana sahib olanlar tonlarla da fitrə zəkatı verə bilər. Yüz min manatla da verə bilər. Fitrə zəkatı dilənçi payı deyil. Bizdə bu ənənəni düzgün formalaşdırmayıblar. Əgər düzgün olsaydı bəlkə də hər Ramazan bayramında varlı adamlar qəsəbələrə düşüb un, dən, ərzaq payladardı camaata. Elə təqdim ediblər ki, sanki kiməsə 5-10 manat dilənçi payı, nəzir vermək lazımdır. Amma belə deyil.
Fitrə verilən zümrə özü fitrə vermək imkanına malik olmayan adamlar olmalıdır. Yəni, fitrə o şəxsə verilməlidir onun özü fitrə vermək imkanına sahib deyil. Elə həddə, elə formada təqdim olunmalıdır ki, onun şəxsiyyətini, ailəsinin yanındakı qürurunu alçaltmış olmayasan".
Sevinc