Tez həvəsdən düşməmək üçün nə etmək lazımdır? - RƏY

SOSİAL
11:33 / 01.04.2025
155

"Bəzi insanlar istədikləri bir şey baş verməyəndə və ya xəyalları gerçəkləşməyəndə sanki həyat dayanırmış kimi hiss edirlər". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, həmin şəxslər belə vəziyyətlərdə ümidsizlik, kədər, həvəssizlik, hətta depressiyaya bənzər bir ruh halı yaşaya bilərlər:

"Bu vəziyyət təbiidir, çünki biz insanlar gözlədiyimiz və çox istədiyimiz şeylər olmadıqda məyus oluruq. Amma bu, həyatın sonu deyil və belə hisslərdə qalmaq bizi daha da çarəsiz hiss etdirə bilər".

Psixoloq belə hallarda nə etməli olduğumuzdan da danışıb:

"Belə hallarda ilk növbədə emosiyalarınızı qəbul etmək lazımdır. Özünüzə hiss etdiyiniz kədəri, məyusluğu yaşamağa icazə verin, amma orada ilişib qalmayın. Hər şeyin bir səbəbi olduğunu və bəlkə də bu baş verməyən hadisənin sizin üçün daha yaxşı bir seçimə yol açdığını düşünə bilərsiniz. Sonra isə diqqətinizi başqa şeylərə yönəltmək və özünüzü yeni bir baxış bucağı ilə qiymətləndirmək vacibdir".

370327

Ekspert vurğulayıb ki, bəzən uğursuzluq kimi gördüyümüz şeylər bizi daha uyğun və faydalı bir istiqamətə yönəldir:

"Ola bilər ki, hədəfinizə gedən yolun tək bir variantı yoxdur və siz fərqli yolları araşdıraraq daha real və əlçatan bir yol tapa bilərsiniz. Əgər böyük bir məqsədiniz baş tutmadısa, bu, ümumiyyətlə heç bir şey etməmək üçün səbəb deyil. Kiçik addımlarla irəliləmək, daha real və mümkünsüz görünməyən hədəflər qoymaq və özünüzə yeni vərdişlər yaratmaq bu vəziyyətdən çıxmağa kömək edə bilər. 

Unutmayın ki, həyat tək bir məqsəddən ibarət deyil. Fərqli sahələrdə inkişaf etmək, yeni biliklər əldə etmək, hobbilərlə məşğul olmaq və yaxınlarınızla keyfiyyətli vaxt keçirmək sizi psixoloji olaraq gücləndirə bilər". 

Ülviyyə İlqar onu da diqqətə çatdırıb ki, ətrafınızda sizi anlayan və dəstəkləyən insanlarla ünsiyyətdə olmaq bu dövrü daha asan keçməyinizə kömək edər:

"Ən önəmlisi isə özünüzü uğursuz kimi görməkdən çəkinin. Bir şey baş vermədisə, bu, sizin dəyərinizin azaldığı anlamına gəlmir. Ola bilər ki, doğru zaman deyil, ya da daha yaxşı bir yol sizi gözləyir. Vacib olan ruhdan düşmədən, həyatda sizin üçün açıq olan yeni qapıları görmək və yolunuza davam etməkdir".

Pərviz

0