"Klinik psixologiya insanların psixoloji problemlərini qiymətləndirən, diaqnoz qoyan, müalicə edən və onlara psixoterapevtik dəstək verən bir sahədir".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, klinik psixoloqlar müxtəlif psixoloji vəziyyətləri idarə etməyə kömək edən peşəkarlardır:
"Onlar, insanların əqli və emosional sağlamlığını yaxşılaşdırmağa çalışırlar. Klinik psixoloqlara müraciət edən şəxslər fərqli sosial, psixoloji və bioloji amillərlə əlaqəli geniş bir spektrdə olan problemlərlə üzləşirlər. Bu, həmin insanların emosional və davranış cəhətdən çətinliklərlə üzləşdiyi müxtəlif vəziyyətləri əhatə edir.
Sözügedən problemlər müxtəlif ola bilər, ancaq ən geniş yayılmış olanları depressiya, obsessiv-kompulsiv pozuntular, narahatlıq, stress, travmalar, özünə inamsızlıq, şəxsiyyət pozuntuları, bipolyar pozuntular, ailə daxili münasibətlərdəki problemlər və zərərli vərdişlərdir.
Eyni zamanda, buraya asılılıqlar, təcavüz halları, yaxın insanı itirmək, əqli sağlamlıq problemləri, uşaqlıq və yetkinlik dövrü problemləri, post travmatik stress pozuntuları, yemə pozuntuları, özgüvən problemləri və digərlərini adi etmək olar".
Həmsöhbətimiz əsasən xəstələrin hansı şikayətlərlə müraciət etdiyindən danışıb:
"Bunlardan birincisi klinik depressiyadır. Bu zaman ümumi ruh halı davamlı şəkildə aşağı olur. Həmçinin, maraq və enerji itkisi, yorğunluq, mənasızlıq hissi, eləcə də intihar düşüncələri ilə xarakterizə olunur. Yəni bu vəziyyət ciddi şəkildə insanların gündəlik həyatına təsir edir.
Narahatlıq qeyri-müəyyənliklər və həyatın stresli vəziyyətləri ilə əlaqəli olaraq insanın yüksək narahatlıq və qorxu hissi yaşamasına səbəb olur. Bundan başqa, fobiyalar, ümumi narahatlıq pozuntusu və panika hücumları bu kateqoriyaya daxildir.
Bipolyar pozuntu isə həddindən artıq enerji, yüksək əhval, impulsivlik və depressiya dövrləri arasında keçidlər ilə xarakterizə olunur. O isə insanların emosional vəziyyətlərini və gündəlik funksiyalarını ciddi şəkildə təsir edə bilir".
Ekspert klinik psixoloqa müraciət olunan digər səbəblərdən də bəhs edib:
"Obsessiv-komplüsiv pozuntu təkrarlanan, sərt düşüncələr və bunlara qarşı edilən hərəkətlər ilə xarakterizə olunur. Məsələn, bu zaman bir şəxs əşyaları yığmağa, təkrarlanan şəkildə əl yumağa və ya müəyyən hərəkətləri ardıcıl şəkildə etməyə ehtiyac duyur.
Boşanma, yoldaşlar arasında qarşılıqlı anlaşılmazlıqlar, ailə üzvləri ilə əlaqə problemləri də klinik psixoloqlara müraciət edən əsas səbəblər sırasındadır. Çünki insanlar bu cür münasibətləri daha sağlam və effektiv idarə etmək üçün terapevtik dəstək axtarırlar".
Psixoloq diqqətə çatdırıb ki, sosial izolyasiya, tək qalma, xüsusən yaşlı insanlarda və ya emosional dəstəkdən məhrum olan şəxslərdə daha çox yayılıb:
"Bu vəziyyət depressiya və narahatlıqla da əlaqələndirilə bilər. Sözügedən vəziyyət ailədə və ya məktəbdə yaşanan çətinliklər uşaqların və yeniyetmələrin psixoloji inkişafına mənfi təsir göstərə bilər. Uşaqların davranış problemləri şiddət və məktəbdəki çətinliklər kimi vəziyyətlərin psixoloq tərəfindən qiymətləndirilməsi daha yaxşı olar.
Ümumiyyətlə, klinik psixoloqlar müxtəlif psixoloji pozuntuların müalicəsi üçün bir neçə müalicə metodikasından istifadə edirlər. Bu metodlar hər bir şəxsin fərdi ehtiyaclarına uyğun olaraq seçilir və tətbiq olunur.
Psixoterapiya üsullarının məqsədi insanın psixoloji sağlamlığını bərpa etmək, stress və emosional çətinliklərlə başa çıxmaq, eləcə də daha sağlam düşüncə və davranış üsullarını inkişaf etdirməkdir".
Zəhra Zahidovanın sözlərinə görə, kognitiv davranışçı terapiya psixoterapiyanın ən çox istifadə edilən və ən təsirli metodlarından biridir:
"Bunun əsas məqsədi mənfi və qeyri-sağlam düşüncələri dəyişdirərək daha müsbət və balanslı düşüncə tərzi yaratmağa nail olmaqdır.
Psixodinamik terapiya isə insanın keçmiş təcrübələri və şüuraltı düşüncələri ilə bağlı işləyiş üsulu sayılır. Bu terapiya növü insanın uşaqlıq və gənclik dövründə yaşadığı travmatik və ya formalaşmış emosional təcrübələrin, onun indiki davranış və düşüncə baxışlarına necə təsir etdiyini araşdırır. Bu isə əsasən şəxsiyyət pozulması yaşayan insanlarda rast gəlinir.
Digəri metod isə humanist terapiyadır. O da öz növbəsində insanların potensialını ən yüksək səviyyəyə çatdırmağı və onların daha yaxşı bir versiyasını inkişaf etdirməyi məqsəd qoyan bir yanaşmadır. Bu terapiya növü fərdi dəyər, özünə hörmət və şəxsiyyət inkişafına əsaslanır. Həmçinin, ailə və cütlüklər terapiyası ailə üzvləri və romantik münasibətlərdəki şəxslər arasında əlaqələri yaxşılaşdırmaq, onların problemləri həll etmək məqsədi ilə həyata keçirilir".
Klinik psixoloq fikirlərini belə yekunlaşdırıb:
"Klinik psixoloqların istifadə etdiyi müalicə metodları fərdin psixoloji sağlamlığını bərpa etmək, çətinlikləri adlamaq və daha yaxşı bir həyat keyfiyyəti əldə etmək üçün nəzərdə tutulub. Hər bir insanın ehtiyacları və vəziyyəti fərqli olduğuna görə psixoloqlar müxtəlif yanaşmalar tətbiq edərək, fərdlərə ən uyğun müalicə metodunu təqdim edirlər. Əlbəttə ki, adıçəkilən metodlar insanların öz daxili güclərini tapmalarına və həyatlarını daha sağlam bir şəkildə idarə etmələrinə kömək edir".
Pərviz