Bəzi insanlar boşanmaqdan niyə qorxur? - MARAQLI SƏBƏBLƏR

SOSİAL
11:41 / 11.04.2025
233

"Bəzi insanlar boşanmaqdan qorxurlar. Bunun da bir neçə səbəbi var".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, həmin səbəblərdən danışıb:

"Əslində, bütün səbəblərin kökündə qorxu dayanır. Yəni insan olanlardan və ya olacaqlardan qorxur. İlk başda bu səbəbə görə hər nə olur-olsun bəzi şəxslər boşanmağa ehtiyat edirlər. Digər səbəb isə ailə və cəmiyyətin qınağıdır. Ailə və ətraf mühit təzyiqinə görə boşanmaqdan vaz keçən çox sayda insan var. Sırf "boşanmaq ayıbdır, yaxşı deyil" düşüncəsinə görə evliliyini davam etdirən insanlar var". 

371001

Ekspert qeyd edib ki, maddi sıxıntılar da boşanmanın önünə keçə bilir:

"Bu problem adətən qadınlarda olur. Yəni maddi cəhətdən həyat yoldaşlarından asılı vəziyyətdə olduqları üçün boşana bilmirlər. Valideynləri və ya qohumları onların arxasında dayanmadığı üçün özlərini tək hiss edirlər. 

Bu səbəbdən də yaşadıqları bütün çətinliklərə rəğmən, boşanmırlar. Hətta bəzi ailələrin boşanan qızlarını rədd etdiyini də unutmaq olmaz. Həmçinin, boşandıqdan sonra uşaqlarına baxa bilməyəcəyini düşününən qadınlar da nə yaşamalarından asılı olmayaraq, buna dözürlər. Çünki belə xanımlar özlərinə inanmırlar".

Mütəxəssisin sözlərinə görə, bəzi insanlar isə tək qalmaqdan qorxduğu üçün boşanmağa müsbət yanaşmır:

"Belə şəxslər boşandıqdan sonra bir daha sevilməyəcəyini və ya evlənə bilməyəcəyini düşünürlər. Həmçinin, bəzi insanlar da sırf övladlarını ata-anasından ayırmamaq üçün evliliyi davam etdirirlər. 

Bir çox şəxs isə həyat yoldaşına illərini verdiyi üçün boşanmaq istəmir. Bəzi hallarda da şəxs həyat yoldaşından emosional olaraq asılı olduğu üçün hər şeyə dözərək boşanmır. Yəni boşanmaq qorxusunun səbəbi hər insana görə dəyişir". 

Pərviz

0