"Müasir dövrdə uşaqları tərbiyə etmək əvvəlki illərlə müqayisədə daha çətin olub".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun bir çox səbəbi var:
"Lakin əsas məsələ dövrün dəyişməsi ilə uşaqların da, valideynlərin də fərqli mühitdə böyüməsidir. Uşaqlar artıq texnologiya ilə çox erkən tanış olurlar. Hər şey çox əlçatan olduğu üçün diqqətləri tez dağılır. Bir də görürsən ki, uşaq bir yerdə sakit otura bilmir, hər şeyə tez reaksiya verir.
Valideynlərə üçün isə işin gərginliyi ilə uşaqla keyfiyyətli vaxt keçirmək və onu dinləmək çox zaman ikinci planda qalır. Bundan başqa, valideynlər çox vaxt “uşaq məndən inciməsin” deyə sərtlik göstərmək istəmir və qayda qoymaqdan çəkinirlər".
Ekspertin sözlərinə görə, sərhəd olmayanda uşaq nəyi necə etməli olduğunu tam dərk etmir:
"Elə bir dövrdəyik ki, hər kəs bir-birini sosial şəbəkələrdə izləyir, müqayisə edir. Kiminsə uşağı piano çalır deyə valideynlərdə mütləq bir şey etməlidir kimi düşüncələr yaranır. Bu da uşağın özünü rahat ifadə etməsinə mane olur. Tələblər artır, amma uşaq olmaq, səhv etmək və öyrənmək üçün yer azalıb".
Ülviyyə İlqar sözlərini belə yekunlaşdırıb:
"Bir sözlə, həm həyat sürətlənib, həm də tərbiyənin özü daha çox düşünülməsi gərəkən bir prosesə çevrilib. Uşaq böyütmək indi təkcə yemək-içmək, oxumaq deyil, eyni zamanda duyğusal olaraq yanında olmaq, onu başa düşmək və sevgi ilə sərhəd qoymaq bacarığı tələb edir".
Pərviz