Uşaqlara xərclik yaxşı bir hərəkətinə görə mükafat və ya öhdəliyində olan hansısa bir işin əvəzinə ödəmə deyil.
Xərclik uşağa seçməyi, məsuliyyət hissini öyrətmək üçün vasitə olmalıdır.
Maraqlıdır, uşağa xərclik necə verilməlidir?
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, pulun nə olduğunu tam dərk etməyən uşağa pul verilməməlidir:
“Bu hal ondan düzgün istifadə edə bilməməsinə, nəsə alarkən pulun qalığını geri istəməməsinə, lazımsız xərcləmələrə səbəb ola bilər. Xərclik uşaqlarda məsuliyyət hissini artırır. Uşağa normadan az xərclik vermək də düzgün deyil. Belə ki, uşaq yoldaşları ilə öz xərcliyini müqayisə edərək məyus olacaq və özünə güvəni azalacaq.Ən yaxşısı, uşağın yaşına və sinfinə uyğun olaraq ehtiyaclarını təmin edən qədər sistemli xərclik verməkdir. Bu pulun hansı məbləğdə olacağına uşaq və valideyn birlikdə qərar verməli, alınan qərar vaxtaşırı nəzərdən keçirilməlidi. Uşaq xərcliyinin az olduğunu deyirsə, ona uyğun və sakit tonla “Sənə çox vermək istəyərdim, amma büdcəmiz məhduddur” -deyə, bildirmək lazımdır. Xərclik uşağa pulu ancaq doğru istifadə etməyi öyrətmir, həm də onda məsuliyyət və sahiblənmə hissini inkişaf etdirir”.
Sevinc