Bəzi insanlar niyə kütlədən qaçırlar?

SOSİAL
13:25 / 18.04.2025
110

"Bəzi insanlar kütlə olan yerlərə getməkdən qorxular. Həmin şəxslər insanların çox olduğu belə yerlərdə sıxılırlar". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bunun bir neçə psixoloji səbəbi var:

"Lakin hər səbəb fərdə görə dəyişə bilir. İlk olaraq, insanın böyüdüyü mühit buna təsir edir. Bəzi şəxslər uşaqlıqdan etibarən insanlarla çox ünsiyyətə keçmədikləri və ya valideynləri tərəfindən basqılar gördükləri üçün özlərinə qapanmağa başlayırlar. Həmin şəxslər böyüdükcə, kütlə olan yerlərə çox getmək istəmirlər". 

371491

Ekspert digər səbəblərdən də bəhs edib:

"Zamanında kütlə içində hansısa travmatik hadisə yaşayan insanlarda da bu hal müşahidə olunur. Eyni zamanda, haçansa kütlə olan yerdə davalara şahid olan şəxslərdə travma yarana bilir. Həmin insanlar yaşadıqları travmadan sonra kütlə içərisinə çıxmayaraq, özlərinə qapanmağa başlayırlar".

Psixoloq qeyd edib ki, bəzi insanlar kütlə içərisində panikaya düşürlər:

"Bəzi insanlarda panik pozuntu olduğu üçün kütlə içərisində qorxurlar. Bu səbəbdən də insanların çox olduğu yerlərə təkrar getmək istəmirlər. 

Kütlə qorxusu olan insanların bir çoxunda isə kütlə olan yerlərin işığı, səsi kimi yan təsirlərə qarşı həssaslıqları olur. Nəticədə, həmin atmosferi bir daha yaşamamağa çalışırlar". 

Nabat Mirzəyevanın sözlərinə görə, bəzi şəxslərdə isə aqorafobiya olur:

"Həmin insanlarda geniş yerlərə qarşı qorxu və narahatlıq yaşayırlar. İdman zalları, restoranlar və ya ticarət mərkəzləri kimi geniş yerlər onlarda narahatlığa səbəb olur. 
 
Həmçinin, səbəblər sırasında sosial fobiya da var. Bu fobiyaya sahib olan şəxslər isə insanlar içərisində olanda qınaq obyektinə çevrilməkdən çəkinirlər. Gülüşlərinin, sözlərinin və ya hərəkətlərinin digər insanlar tərəfindən qınanılacağını düşünürlər. Sırf bu səbəbə görə marketə və ya restorana belə getmirlər. Bütün bu simptomlar olan şəxslər kütlə içində olmamağı üstün tuturlar".

Pərviz

0