"Qeybət sadəcə gündəlik söhbət mövzusu deyil, həm də insanların daxili dünyası, münasibət qurma tərzi və özünüifadə forması ilə sıx bağlı psixoloji bir hadisədir".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, qeybət ilk baxışdan sanki sadəcə başqasının arxasınca danışmaq kimi görünür:
"Lakin dərinliklərinə ensək, bu davranışın arxasında çox ciddi psixoloji ehtiyaclar dayandığını görərik. Nəzərə almaq lazımdır ki, insan sosial varlıqdır. Özünü bir qrupa aid hiss etmək, qəbul olunmaq və təhlükəsizlikdə olmaq istəyir. Qeybət isə bəzən bu ehtiyacları ödəmək üçün istifadə olunur. Bir mövzunu, xüsusən də kiminsə həyatını ortaq müzakirə etmək insanlara müvəqqəti yaxınlıq və birlik hissi verir".
Ekspert qeyd edib ki, qeybət bəzən insanların daxili boşluğunu doldurmaq və özlərini dəyərli hiss etmək üçün seçdiyi üsuldur:
"Başqalarının həyatındakı səhvləri, problemləri dilə gətirdikdə, insan öz içindəki natamamlıq hissini az da olsa kompensasiya edir. Yəni bu prosesdə insan diqqəti özünə deyil, başqasına yönəldir. Çünki özünü analiz etmək və üzləşmək daha çətindir. Qeybət psixoloji müdafiə mexanizmlərinin də bir növ nəticəsidir. Məsələn, proyeksiya insan içində qəbul edə bilmədiyi hissləri başqasına aid edir. “Mən eqoist deyiləm, o eqoistdir” kimi. Qeybət zamanı da bu hal çox müşahidə olunur".
Ülviyyə İlqar vurğulayıb ki, xüsusilə də olmayan bir şeyi olmuş kimi danışmaq daha təhlükəlidir:
"Bu, sadəcə bir fikir paylaşmaq deyil, bir insana qarşı mənfi emosional yük yaratmaq, onun sosial imicinə zərər vurmaqdır. Bu davranışın altında da çox vaxt qısqanclıq, rəqabət hissi, ya da özünü dəyərsiz hiss etmə qorxusu dayanır. Əgər bir insan öz həyatından razıdırsa, özünü olduğu kimi qəbul edirsə, başqalarının həyatına bu qədər müdaxilə ehtiyacı hiss etməz.
Amma daxildə narazılıq, boşluq, qeyri-kafilik hissi varsa, o zaman bu enerjini yönəltmək üçün ən asan yol başqalarını müzakirə etmək olur. Nəticədə, qeybət həm fərdi, həm sosial, həm də psixoloji səviyyədə çoxşaxəli bir məsələdir. Səssiz görünür, amma çox danışır və hər birimizə deyir: "Daxilində nə baş verir ki, sən bu qədər başqalarının həyatı ilə maraqlanırsan?".
Pərviz