İntiqam hissi nədən qaynaqlanır?

SOSİAL
11:48 / 23.04.2025
58

"Bəzi insanlar hər mövzuda qisas almağa meyilli olurlar. Yəni, kim onların qəlbini qırırsa, həmin şəxsin qəlbini qırmağa çalışırlar. Kim onlara hansısa formada yanlışlıq edirsə, eyni şəkildə, bəzən də daha sərt formada qarşılıq verirlər". 

Bu sözləri psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu davranış psixologiyada qisas motivasiyası və ya reaktiv aqressiya olaraq adlandırılır:

"Belə insanlar adətən yaşadıqları ədalətsizliyi və ya zərəri kompensasiya etmək istəyirlər. Həmin şəxslər başqalarının onlara etdiyi zərərləri bərpa etmək üçün eyni və ya daha ağır şəkildə cavab verirlər. Bu, onların içindəki balanssızlıq hissini bərpa etməyə çalışdıqları bir reaksiya ola bilər".

371879

Ekspert qeyd edib ki, bu davranışın arxasında çox vaxt narsisistik incinmə də dayanır: 

"Bu halda şəxsiyyətin eqosunu sarsıdan hər hansı bir tənqid və ya rədd edilmə ciddi reaksiya ilə qarşılanır. Narsisistik xüsusiyyətlərə sahib insanlar özlərinə yüksək dəyər verdikləri üçün hər hansısa zərər onlarda ciddi bir daxili təlatüm yaradır. Buna görə də, onlar qarşısındakılara cavab olaraq daha sərt və dağıdıcı formada reaksiya verə bilərlər". 

Zəhra Zahidovanın sözlərinə görə, psixoloji baxımdan bu davranışların yaranmasına uşaqlıq travmalarının da səbəb olması mümkündür: 
"Çox vaxt sevgi və diqqət görməyən, alçaldılan və ya ədalətsiz davranışlarla qarşılaşan insanlar böyüdükdə bu cür reaksiya verməyə meylli olurlar. Həmçinin, empati çatışmazlığı da bu davranışın bir səbəbi ola bilər, çünki belə insanlar başqalarının acısını hiss etmirlər və onların da eyni şəkildə zərər görməsini təmin edirlər". 

O diqqətə çatdırıb ki, belə davranışla başa çıxmağın bir neçə yolu mövcuddur:

"Bu cür impulsiv reaksiyaları azaltmaq üçün hisslərinizi anlamaq və onlara nəzarət etmək vacibdir. Özünüzü sakitləşdirmək üçün nəfəs alma, meditasiya və ya başqa rahatlama üsullarından istifadə edə bilərsiniz.

Həmçinin, başqalarının hisslərini anlamağa çalışmaq da yaxşı metoddur. Qarşınızdakı insanın nə üçün belə davrandığını başa düşmək, onu bağışlamağa və daha müsbət reaksiya verməyə kömək edəcək. 

Bundan başqa, zərər və ya yanlış anlaşılan bir vəziyyətdə qarşı tərəflə açıq və dürüst ünsiyyət qurmağa çalışın. Bu, emosional yükü azaldacaq və qisas hissindən qaçmağınıza kömək edəcək bir üsul olacaq.
 
Əgər bu davranış həyatınızı və ya münasibətlərinizi mənfi təsir edirsə, bir psixoloqla danışmaq da faydalı olar. Çünki terapiya daxili gərginliyi azaltmağa və daha sağlam reaksiya mexanizmləri inkişaf etdirməyə kömək edə bilər". 

Pərviz

0