"Əsəbiləşmək hər kəsin zaman-zaman yaşadığı bir hissdir, amma bəzən bu duyğu çox güclü ola, gündəlik həyatımıza və münasibətlərimizə təsir edə bilər".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzən insanlar hisslərini idarə etməkdə çətinlik çəkir və bu da uzun müddət qəzəbli qalmağa səbəb olur:
"Lakin bu vəziyyəti daha yaxşı idarə etmək üçün müxtəlif psixoloji üsullar var. Birinci üsul nəfəs texnikalarıdır. Nəfəs almaq beynimizə və bədənimizə rahatlama siqnalı göndərir. Bu da qəzəbimizi idarə etməyə kömək edir. Məsələn, 4 saniyə nəfəs alın, 4 saniyə saxlayın, sonra 4 saniyə boyunca nəfəsinizi buraxın. Bu sadə texnika əsəbi vəziyyətlərdə bədənimizi sakitləşdirə bilər".
Ekspert qeyd edib ki, ikinci üsul isə düşüncələrimizi idarə etməkdir:
"Əsəbiləşdikdə çox vaxt beynimizdə mənfi fikirlər yaranır. Bu düşüncələrin fərqinə varıb, onların yerinə daha müsbət və real yanaşmalar qoymaq çox önəmlidir. Məsələn, əsəbləşdiyiniz bir vəziyyətdə "Bu vəziyyəti necə həll edə bilərəm?" və ya "Nə baş verirsə versin, mən özümü nəzarət altında saxlaya bilərəm" kimi suallar və təlqinlər vəziyyəti sakitləşdirməyə kömək edəcək".
Ülviyyə İlqar vurğulayıb ki, fiziki fəaliyyətlər də əsəbləri sakitləşdirməkdə faydalıdır:
"Fiziki hərəkət edərkən bədənimizdə stress hormonları azalır və yaxşı hiss etməyə başlayırıq. Qısa bir gəzinti, yüngül bir idman və ya sadə bir uzanma hərəkətləri belə əsəblərinizi sakitləşdirə bilər. Qəzəbli halda başqalarına qarşı sərt davranmaq çox asan olsa da, bu, həm bizim, həm də başqalarının həyatını çətinləşdirə bilər.
Əsəbiləşəndə əvvəlcə öz hisslərimizi anlamalıyıq və sonra daha konstruktiv şəkildə reaksiya verməyə çalışmalıyıq. Bu, həm özümüzü qorumağa, həm də münasibətlərimizi sağlam saxlamağa kömək edəcək".
Pərviz