"Evlilik sadəcə iki cinsin bir-birilə ailə həyatı qurub, uşaq dünyaya gətirib və hər kəsə xoş getməsi üçün davam edəcək bir proses deyil".
Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, "ailə həyatı qurmaq" sözünə diqqət etsək, evliliyin sadə bir məsələ olmadığını görərik:
"Yəni cütlük bərabər yeni həyat qurur. Sözün anlayışı bu qədər dərindirsə, "evlilik asandır" demək yanlışdır. Evlənmədən öncə tanışlıq olmalıdır. Sizcə, niyə adət-ənənə var? Hər bir nəticənin səbəbi olduğu kimi eynilə ənənənin də özünəxas səbəbi var.
Məsələn, elçilik, nişan, xına, qız və oğlan toyu və s. Bunların hər biri fərqli proseslərdir. Bu müddət ərzində cütlüklərdən əlavə bütün ailələr tanış olur. Bunun üçün evliliyin önəmli bir hal olduğunu anlamaq lazımdır".
Ekspert qeyd edib ki, evlilik qərarı vermədən öncə diqqət edilməsi olan bir çox məsələ var:
"Tanışlıq və ya sevgililik müddətində cütlüklər bir-birlərini həqiqətən tanımağa çalışmalıdırlar. Bəzən hisslərə qapılıb, evlənəndən sonra "düzələcək" demək əvəzinə zamanında bir-birinizi incitmədən, aradakı insani hörmət itmədən ayrılmaq daha məqsədəuyğundur. Bəlkə də, bunu çox insan qəbul etməz, ancaq hər kəsin özünə görə doğruları var.
Məsələn, münasibətdə ayrılığın olmayacağını demək olmaz. Çünki qanun üzərində də, dini tərəfdən də baxanda hər bir nigah prosesi üçün seçim şansı verirlər, hər birinizin ayrı-ayrılıqda fikirləri, razılıqları öyrənilir. Sonda da münasibət davam edə bilmirsə, yolları ayırma seçimini təqdim edirlər".
Həmsöhbətimizin fikrincə, problemlərin yaranma səbəbini analiz etmək lazımdır:
"Münasibətdə mübahisələrin olması qaçınılmazdır. Amma o problemi necə həll etməyə diqqət etmək lazımdır. Təktərəfli edilirsə və ya görməzdən gəlinirsə, şəxs daha çox zərər verəcək. Çünki hər iki halda da məsələ həll olmayıb və tərəflər hislərini tam rahat ifadə etməyib, basdırır. Üstəlik, bu cür davam etdikcədə yavaş-yavaş qırılmalar, daha çox konfliktlər və mübahisələr müşahidə ediləcək.
Ümumiyyətlə, cütlük arasında dürüstlük olmalıdır. Bu sözü bəzən çox insan təktərəfli anlayır. Dürüstlük sadəcə doğrunu demək deyil. Bundan əlavə hissləri, düşüncələri, qərarları dürüst şəkildə bildirməkdir. Məsələn, hal-hazırda qarşı tərəflə zaman keçirtmək istəyirsən, sevildiyini hiss etmək və bunu dilə gətirməsini istəyirsən. Çünki hər insan müəyyən istəkləri və ehtiyacları var, amma bunu dilə gətirmir.
Bəs insan niyə öz istək və ehtiyaclarını qarşı tərəfə bildirmir? Mənim dediklərim yalnız qadınlara və kişilərə deyil, onların hər ikisinədir. Ona görə ki, münasibəti ayırmaq belə yanlışdır. Nəzərə almaq lazımdır ki, münasibət iki şəxsin birlikdə bir yola çıxmasıdır".
Mütəxəssis əlavə edib ki, bərabər keçirilən zamana və o vaxt daxilində edilənlərə diqqət etmək lazımdır:
"Bərabər zaman keçirmək də qarşı tərəfi tanımağa kömək edir. Bu səbəbdən də bir-biriniz və yaxın ətrafınızla zaman keçirməyə çalışın. Çünki ətrafımızda necə insanlar varsa bizdə onlar kimi oluruq.
Evlilik qərarı vermək üçün vacib faktorlardan biri də ünsiyyətdir. Münasibət daxilində necə bir ünsiyyət qurduğunuza fikir verməlisiniz. Cütlük seanslarımda daha çox eşitdiyim ünsiyyətsizlikdir. Hətta deyərdim ki, sadadıqlarımın əsas kökündə ünsiyyət durur. Doğru ünsiyyət yoxdursa orada sevgi, hörmət, güvən, mərhəmət, anlayış, dürüstlük və şəffaflıq olmaz. Ünsiyyətin doğru olduğunu qarşılıqlı dinləmə və anlayışın olması ilə görə bilərik".
Aydan Məmmədova vurğulayıb ki, yaşadığımız münasibət diqqət etmək çox vacibdir:
"Yəni hər şey qarşılıqlı olmalıdır. Münasibət taktikalardan ibarət deyil. Özünüzə uyğun anlaşa biləcəyiniz şəxslə bərabər olun, bərabər olmaq üçün uyğunlaşmayın. Çünki bu müəyyən müddət davam edəcək. Zatən hisslər qarşılıqlı olmadığı halda sönür.
Hansı ki, həmin hissi ancaq eyni hiss qığılcımlandıra bilər. Ən əsası da özünüzlə olan münasibətinizi qaydasına salmaqdır. Özünüzlə olan münasibət necədirsə, ətrafdan o cür münasibət görəcəksiniz. Bu dediyim isə bütün münasibət növlərinə aiddir. Yaranan hər bir məsələ yaxşı pis fərq etməz, bizim özümüzlə bağlıdır".
Pərviz