Hazırda müasir cəmiyyətimizin mənəvi problemlərindən biri də yeni qurulan – gənc ailələrdəki boşanma hallarıdır.
Psixoloqların fikrincə, ailədaxili mübahisələr zamanı bir neçə ifadə var ki, onları kişiyə söyləmək tövsiyə edilmir.
Maraqlıdır, söhbət hansı ifadələrdən gedir?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, elə ifadələr var ki, qarşı tərəfi özündən soyudur:
“Bu ifadələrdən biri “Əgər mən başqasına ərə getsəydim…”. Bu ifadə kişini nəinki hirsləndirmir, hətta qadının həyatını çətinləşdirir. Daha sonra “Sən bir kişi olaraq elə də dəyərli deyilsən…”. Bu cümlə ilə insanı ruhən çökdürür, hətta intihara belə səbəb olur. “Sən elə atan və ya anan kimisən.., elə ona bənzəmisən…”. Bu ifadəni eşidən şəxsin gəldiyi nəticə o olur ki, ailəmizi sevmir, onunla evlənəndə hara baxırdım. “Elə övladın da sənə bənzəyib bu çatışmazlıqlarla…” ifadəsi də ailələr arasında işlənməməlidir. Bu sözü eşidən düşünür ki, o nə məni, nə də övladlarımızı sevməyib, bizimçün yaddır. Bu sadalanan sözlər isə artıq boşanmaq üçün bir bəhanəyə, daşmaqda olan kasanın son damlasına çevrilir. Bu səbəbdən də danışarkən sözlərimizə fikir versək , yaxşı olar”.
Sevinc