"Son dövrlərdə psixoloji mövzular həm cəmiyyətdə, həm də mediada getdikcə daha çox diqqət mərkəzinə gəlir".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Türkiyədə bu sahədə çəkilən serial və filmlər sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda maarifləndirici rola malikdir:
"İnsanlar orada özlərini, yaşadıqları duyğuları, keçdikləri çətinlikləri görə bilirlər. Bu həm empati qurmağa, həm də “yalnız deyiləm” hissini yaşamağa kömək edir. Düşünürəm ki, Azərbaycanda da bu tip layihələrin olması vacibdir.
Bizdə psixoloji yardım almaq hələ də tabu olaraq qaldığı üçün, belə ekran işləri bu tabuları qıra bilər. İnsanlara göstərmək lazımdır ki, psixoloji çətinliklər yaşamaq ayıb deyil və onlarla təkbaşına mübarizə aparmaq məcburiyyətində deyilik".
Lakin ekspert qeyd edib ki, bütün bu müsbət tərəflərlə yanaşı, bəzi risklər və mənfi cəhətlər də var:
"Bəzən serial və filmlərdə psixoloji mövzular reallıqdan uzaq, çox dramatik və ya yanlış formada təqdim olunur. Panik atak, depressiya və şəxsiyyət pozuntuları ya həddindən artıq qorxulu, ya da olduqca bəsit göstərilir. Bu isə insanlarda yanlış təsəvvürlər yarada bilər. Eyni zamanda, psixoloqun yanaşmalarının da yalnış göstərildiyi səhnələr olur".
Ülviyyə İlqar diqqətə çatdırıb ki, bəzi ekran işlərində isə psixoloq obrazı ya hər şeyi bilən bir kahin kimi, ya da laqeyd və passiv biri kimi təqdim olunur:
"Bu, peşəyə olan inamı zədələyə bilər. Üstəlik, travmalar və psixoloji problemlər əgər düzgün yanaşılmadan “əyləncə” halına gətirilərsə, bu, həm insanlara, həm də sahəyə ciddi zərər vura bilər.
Ona görə də belə layihələrin hazırlanmasında mütləq psixoloqların məsləhəti, etik yanaşma və peşəkar komanda olmalıdır. Doğru təqdim olunan bir psixoloji serial və ya film insanın ruhuna toxunmaq, ona yol göstərmək və ən əsası, özünü anlamağa təşviq edə bilər. Məncə, artıq Azərbaycanda da bu addımı atmaq lazımdır".
Pərviz