Əfqanıstanın müvəqqəti administrasiyası ölkədə şahmat oynamağı qadağan edib.
Bu qərar “ Dini mülahizələrə” və Fəziləti Təbliğ etmək və Əxlaqsızlığın Qarşısını Alma Nazirliyinin müəyyən etdiyi məhdudiyyətlərə görə verilib. “Taliban” hərəkatı bu oyunun İslam normalarına zidd olduğunu bəyan edib. Onların fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.
Maraqlıdır, İslama görə şahmat oynamaq haramdırmı?
İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, İslama görə şahmat haram deyil. Bu haqda olan uydurma rəvayətlərin isə əsası yoxdur. Şahmat oyunu qumar deyil və qumar məqsədi ilə də inkişaf etdirilmir. Əksinə, beynin fiziki məşqi və ağılın, düşüncənin, zehnin inkişafı üçün nəzərdə tutulur:
“Eyni zamanda, insan təfəkkürünün məntiq sahəsində fəaliyyətini oyadır. İslamda qumar haramdır və sırf qumar üçün nəzərdə tutulan oyunlar, alətlər qadağandır. Lakin şahmatın sırf qumar aləti olması fikri yanlışdır və iftiradır, cəhalətdir.
Əfqanıstanda bu gedişlə heç bir inkişaf olmayacaq. Əksinə, orta əsr təfəkkür sisteminə keçməklə, İslamı da təhrif edəcəklər. İslamın əsli, mahiyyəti nə musiqini, nə şahmatı, nə idmanı qadağan etmir. Əksinə, Quranda belə sahələrin inkişafına təşviq edən, müasirliyə çağıran mesajlar var.
Din adı ilə xurafat və mövhumatın hakim olduğu Əfqanıstan kimi Taliban rejiminin hakim olduğu yerlərdə artıq elmdən, inkişafdan söz gedə bilməz. Özlərini də xalqı da bu düşüncə ilə uçuruma aparırlar.
İnsanların Allahın verdiyi hisslərini, duyğularını, istedadlarını boğmaq dinimizdə ən böyük küfrdür.
Bütün sahələrdə qeyri-müsəlmanlara möhtac halda yaşamaqdan böyük zəlalət ola bilməz müsəlman cəmiyyəti üçün. Şahmatın qadağan edildiyi, musiqinin, mədəniyyət və incəsənətin haram edildiyi bir məkanda hansı inkişafdan söhbət gedə bilər. Bu, sadəcə İslama vurulmuş ləkədir ki, bütün işləri dinin, Allahın boynuna atasan.
Əgər kimsə şahmatla qumar oynayırsa şahmatı yox, qumarı qadağan etmək lazımdır, şahmatı deyil.
Əfqanıstanda tarixən oğlanbazlıq, uşaqbazlıq məşhur olub, indi də davam edir. Əslində bunu qadağan etmək lazım idi, şahmatı yox. Lut qövmünün məhv olması səbəbi Quranda homoseksuallıq göstərilib, şahmat deyil.
Əslində ən böyük haram və küfr insanların hüquq və azadlıqlarını məhv etməkdir. Özü də bunu din adı ilə həyata keçirməkdən dəhşətli əməl ola bilməz.
İslamı yalnız geriçilik, orta əsrlərə qayıtmaq ənənəsi kimi təqdim edən Əfqanıstan müvəqqəti hökuməti bununla özünü dünyadan bir az da qoyardı.
Şübhəsiz ki, gec - tez sosial partlayış qaçılmaz olacaq. Getdikcə, hakimiyyətlərini möhkəmləndirdikcə dünyadan bir az da təcrid olurlar. Əslində orada din, İslam hakim deyil, din adı altında xurafat, mövhumat və cəhalət hakimdir. Din İbn Xəldun kimi sosioloqlar, İbn Sina kimi filosoflar, İbn Rüşd kimi hüquqşünaslar, Xarəzmi kimi riyaziyyatçılar, Əl Məərri kimi filosof - şairlər, dahilər, dünya elminə, mədəniyyətinə töhfələr vermiş şəxsiyyətlər yetişdirib. Xurafat, mövhumat isə hazırki Taliban kimi danyadan özünü təcrid etmək yolunu tutmuş rejim yetişdirib”.
Sevinc