"Heyvanlardan şiddətli şəkildə nifrət etmək psixoloji problem sayıla bilər".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, heyvanları sevməyən və ya onlara nifrət edən insanların hər birində psixoloji problemin olduğunu söyləyə bilmərik:
"Bu, doğru olmaz. Ancaq bu nifrət insanın psixoloji və emosional olaraq yaşadığı duyğulardan qaynaqlana bilər. Əslində, bu, hər bir insanda fərqli faktorlardan qaynaqlanır".
Psixoloq həmin səbəblərdən bəhs edib:
"Məsələn, uşaq vaxtı heyvanlar tərəfindən qorxudulan və ya dişlənilən şəxslərdə bu nifrət müşahidə olunur. Çünki həmin an yaşadıqları qorxular emosional olaraq daxillərində heyvanlara qarşı nifrət hissi yarada bilir.
Təəssüflər olsun ki, bəzən də valideynlər və ya digər böyüklər uşaqlara heyvanların çirkli olduğunu deyirlər. Hətta onlara "heyvanlara toxunmayın, yaxın durmayın" kimi bir çox mənfi məlumat ötürürlər. Uşaqlar isə böyüklərin dediyi bu sözlərə inandıqları üçün heyvanları sevməməyə və onlara qarşı nifrətə meyilli olurlar. Bu səbəbdən də böyüyəndə heyvanlardan uzaq durmağa çalışırlar".
Nabat Mirzəyeva qeyd edib ki, bəzi insanlarda isə həqiqətən psixoloji problem olur:
"Bəli, bəzi insanların heyvanlara olan nifrəti həqiqətən psixoloji problemdən qaynaqlanır. Empati, təbiəti və həyatı anlamamaq qabiliyyəti çox zəif olan şəxslər heyvanlara "dəyərsiz" və "mənasız" bir varlıq olaraq yanaşırlar.
Ümumiyyətlə, antisosial şəxsiyyət pozuntusu və narsist olan şəxslər insanlara qarşı sərt davrandığına görə heyvanlara da nifrət və qəzəblə yanaşırlar. Sözsüz ki, bu, artıq psixoloji problemdir. Yəni heyvanlara qarşı nifrət bəzi hallarda narsizm və şəxsiyyət pozuntusu ilə bağlı olur. Əgər bir insanda heyvanlara qarşı sevgisizlik və ya şiddətli şəkildə nifrət hissi varsa, mütləq bir peşəkar tərəfindən araşdırılmalıdır. Çünki bu, artıq psixoloji problem deməkdir".
Pərviz