Son illərdə ölkədə doğum sayı əhəmiyyətli dərəcədə azalmağa başlayıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə 2025-ci ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 22,119 körpə qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayının 9.7-dən 8.8-ə düşməsi deməkdir.
Bəs gənc ailələrin uşaq sahibi olmaqdan çəkinməsinin səbəbləri nələrdir?
Mütəxəssislər bunu bir neçə səbəblə əlaqələndirirlər. Uşaq tərbiyəsi və ailə həyatı ilə bağlı dəyişən cəmiyyət normativləri də bu mövzuya təsir edən amillərdən biri kimi qiymətləndirilir.
Günümüzdə gənc nəsil daha çox şəxsi inkişaf və karyera hədəflərinə fokuslanır. "The Changing Face of Family Life"ın apardığı bir araşdırmada qeyd edilib ki, cəmiyyətin ailə anlayışı dəyişir və bir çox gənc, əvvəlki nəsillərdən fərqli olaraq, daha az uşaq sahibi olmaq və ya uşaq sahibi olmamaq qərarını verir.
“Gənc nəsil həyatın müxtəlif sahələrindəki tələblərlə paralel olaraq, ənənəvi ailə modellərindən uzaqlaşmağa başlayıb. Bu isə doğum sayının azalmasına səbəb olan amillərdən yalnız biridir. Cəmiyyətdəki dəyişiklikləri də mühüm rol oynayır. Yüksək təhsil alan və iş həyatında aktiv olan gənc nəsil ənənəvi ailə modelini qəbul etmir. Ailə qurma və uşaq sahibi olma anlayışı dəyişir”.
Bəs ölkəmizdə necə, bu qərara hansı amillər təsir edir?
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya danışıb.
"Az və çox uşaq bir qədər nisbi anlayışdır. Bu, daha çox insanların baxış bucağı ilə əlaqəlidir. Lakin günümüzdə gənc ailələrin çox uşaq dünyaya gətirməməsinin səbəbi ilk olaraq iqtisadi durumla bağlıdır. Ümumiyyətlə artıq uşaq dünyaya gətirməyin səbəbləri dəyişib.
Əvvəllər bölgələrdə çox uşaqlı ailə olmağın valideynlər üçün bir çox faydası var idi. Uşaqlar təsərrüfatda işləyirdilər, bir-birinin geyimi ilə böyüyürdülər. Bu gün isə yanaşma belə deyil. İnsanlar daha çox məntiqlə işləyirlər və qərar verirlər.
Ailənin məvacibləri bir neçə uşağı böyütmək üçün yetərli deyil. Məsələn, əvvəllər seçim yox idi. Bir-iki növ paltar var idi. Lakin indi seçimlər, alternativlər kifayət qədər çoxdur. Təbii ki, bu da qərarları mürəkkəbləşdirir. Ona görə də ailələr onları tam təmin etmək üçün psixoloji və fizioloji olaraq bir və ya iki uşaq istəyirlər. Bu isə normal yanaşmadır. Onlar üçün prioritet cəmiyyətə sağlam və faydalı şəxsiyyət yetişdirməkdir. Gənc ailələr daha çox bu düşüncə və yanaşmaya əsaslanır".