Diqqət dağınıqlığı da psixoloji problemdir? - ŞOK AÇIQLAMA

SOSİAL
13:42 / 20.05.2025
65

"Bir çox insanda müşahidə olunan diqqət dağınıqlığı psixoloji səbəblərlə əlaqədardır".

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu halın bir çox səbəbi ola bilər:

"Nəzərə almaq lazımdır ki, hər insan fərqlidir. Hər kəs həyat tərzi, xarakteri, zehni və duyğu olaraq bir-birindən fərqlənir. Bəzən diqqətsizliyi tənbəlliklə, maraqsızlıqla əlaqələndiririk. Lakin bu hal bəzən stress və ya depresiya həddini çox keçərsə, müəyyən narahatlıq kimi psixi hallarla müşahidə oluna bilər. Eyni zamanda, diqqət dağınıqlığı fiziki ağrılar və xəstəliklər zamanı da müşahidə edilir". 

373849

Ekspert diqqəti bir yerə toplamağa əngəl olan səbəblərdən bəhs edib:

"Yuxu rejiminin qaydasında olmaması, emosional və zehni yüklənmə diqqətsizliyə gətirib çıxarır. Əslində, diqqəti toplaya bilməmək psixoloji problemdir. Çünki insan daha çox zehni, fiziki və ruhən yorulan zaman diqqətsiz ola bilir. 

Bəzi insanlarda isə diqqət dağınıqlığı anadangəlmə olur. Məsələn, hiperaktivlik, davranış pozuntusu və digər psixi problemlərdə xüsusi əlamət olaraq qeyd edilir".

Psixoloq diqqəti toplamaq üçün atılacaq addımlardan da söz açıb:

"İlk növbədə diqqət artıracaq fəaliyyətlə məşğul olmaq lazımdır. Məsələn, əşyaları eyniləşdirmə, məntiq oyunları, şahmat və əşyaları qruplaşdırmaq oyunları oynamaq olar. Həmçinin, tamamilə asan və praktik şəkildə hər gün 10 söz sıralayıb onu ardıcıl şəkildə yaddaşınızda saxlayaraq gün ərzində həmin ardıcıllıqla qeyd edə bilərsiniz. Bu diqqətdən əlavə yaddaşınızı da inkişaf etdirəcək. Bununla sanki paslanmış mühərriki işə salacaqsınız".

Aydan Məmmədova vurğulayıb ki, istirahətinizə diqqət edərək, rahatladıcı zehni texnikalardan istifadə etmək də olduqca mühümdür:

"Düşüncə və duyğularınızı bir dəftərə yazmaq maraqlı ola bilər. Bununla sizi narahat edən və diqqətinizi yayındıran məsələri üzə çıxararaq və onları həll etmək mümkündür. Lakin bütün bunlar nəticə verməsə, artıq mütəxəssisə müraciət etməlisiniz. 

Düşünürəm ki, diqqət dağınıqlığını problem olaraq deyil, bir xəbərdarlıq kimi görmək lazımdır. Özünüzə diqqət etsəniz, bu kimi problemlə üzləşməyəcəksiniz. Bəli, bəzən hər şey bizdən asılı olmur, amma sonra ediləcəklər məhz bizdən asılıdır".

Pərviz

0