"Brend xəstəliyi" psixoloji problemdir? - AÇIQLAMA

SOSİAL
12:00 / 23.05.2025
66

"Bəzi insanlar sadəcə brend markalardan geyinmək istəyirlər. Lakin bu, tamamilə psixoloji vəziyyətlə bağlı deyil". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, burada dolayı yolla bir neçə psixoloji faktor və yaşanmış hekayələr ola bilər:

"Bunu sosial səbəblərlə də izah etmək mümkündür. Çünki sadəcə brend markalardan geyinmək əslində maddi imkanla bağlı deyil. Sözsüz ki, həmin şəxsin yaşadığı sosial həyat, böyüdüyü mühit və şəraitdən çox asılıdır".

374074

Onun sözlərinə görə, bəzi şəxslərin mütəmadi şəkildə brend geyimlər almasını əsaslandıran başqa müxtəlif anlayışlar olur:

"Bəzi şəxslər brend geyimlərdən istifadə edərək ətrafındakı insanlara özünü bir növ sübut etməyə çalışırlar. Sanki həmin bahalı geyimləri ala bildiklərini və bununla bir növ ətrafdakı insanlardan üstün olduqlarını sərgiləməyi hədəfləyirlər. Yəni özlərinin həmişə brend geyinən kimi təqdim olunmalarını xoşlayırlar". 

Ekspert qeyd edib ki, hər zaman brend geyimlərdən istifadə edən şəxslərin bəziləri də bu yolla yaşaya bilmədiyi və basdırdığı bir çox duyğulardan xilas olmaq istəyirlər:

"Onlar, həm də brend geyinərək fərqli olduqlarını, habelə şəxsiyyətlərini və xarakterlərini başqalarına göstərməyə çalışırlar. Çünki marka geyinməyi şəxsiyyətin göstəricisi olduğunu zənn edirlər. Eyni zamanda, bunu etməklə özlərini "elit təbəqə" kimi də hiss edirlər".

Mütəxəssis onu da əlavə edib ki, bəzi insanların isə markalara qarşı bağlılıqları olur:

"Bir neçə dəfə brend geyimdən istifadə etdikdən sonra özlərini asılı hiss edirlər. Hətta bəyənməyənlər belə həmin markadan istifadə etmək onlara rahatlıq hissi verir. Həmçinin, brend geyimlərlə ətrafdakılar tərəfindən qəbul olunmaq istəyirlər. Düşünürlər ki, bu şəkildə ətrafdakı dostlarından seçilərək özlərini qəbul etdirirlər". 

Nabat Mirzəyeva sonda vurğulayıb ki, "brend xəstəliyi" adlı bir anlayış yoxdur:

"Əslində, "brend xəstəliyi" adlı rəsmi bir diaqnoz mövcud deyil. Lakin maddi imkanı olmadığı halda brend geyimlərə böyük vəsait xərcləyən insanlarda obsessiv-kompulsiv davranışlardan, eləcə də özünü dəyərsiz hiss etmə ilə əlaqəli psixoloji problemdən şüphələnmək olar. Bu isə tam psixoloji pozuntu deyil, sadəcə olaraq insan yaşadığı hekayələrdən təsiri altında qalır. Yəni xəstəlik sayılmır".

Pərviz

0