Müasir dövrün uşaqları əvvəlki nəsillərlə müqayisədə daha çox məlumat axınına, texnologiya təsirinə və sürətlə dəyişən sosial reallıqlara məruz qalırlar. Bu da onların dünyagörüşünü, həssaslıq səviyyəsini və davranış reaksiyalarını fərqli edir. Bu səbəbdən klassik “itaətə əsaslanan tərbiyə” artıq effektiv deyil. Əvəzində empatiyaya, qarşılıqlı hörmətə və fərdin daxili gücünün formalaşdırılmasına yönəlmiş yanaşmalara ehtiyac var”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.
Psixoloq qeyd edib ki, uşaq və yeniyetmələrlə bağlı cəmiyyətdə rast gəlinən bir çox psixoloji və davranış problemlərinin kökündə ailədaxili münasibətlərin dayandığı danılmaz bir həqiqətdir:
“Ailə uşağın ilk sosiallaşma məkanıdır. Məhz burada formalaşan emosional bağlar, tərbiyə üslubu və valideyn modeli onun gələcək şəxsiyyətinin təməlini təşkil edir. İlk növbədə uşaqlarla emosional bağlılıq və təhlükəsizlik hissi yaratmaq lazımdır. Çünki uşaq üçün ən vacib ehtiyaclardan biri sevgidir. Tənqid yox, anlayış və qəbul görən uşaq özünü dəyərli hiss edir və davranışlarını daha sağlam şəkildə tənzimləyə bilir.
Digər bir məqam fərdi yanaşma tətbiq etməkdir.
Hər bir uşaq fərqlidir. Eyni üsulla bütün uşaqlara yanaşmaq mümkün deyil. Valideynlər övladlarının temperamentini, maraq dairəsini və duyğusal ehtiyaclarını nəzərə alaraq fərdi yanaşma göstərməlidir. Eyni zamanda aktiv dinləmə və dialoqa açıq olmaq lazımdır. Müasir uşaqlar sərt tələbləri deyil, izahı və dialoqu qəbul edirlər. Valideynlər övladlarının fikirlərini dinləməli, onların duyğularına hörmətlə yanaşmalıdır. Hüdudların aydın şəkildə qoyulması vacibdir. Sərbəstlik və qaydalar bir-birinə zidd deyil.
Uşağın sağlam inkişafı üçün sərhədlər vacibdir. Ancaq bu sərhədlər qorxu ilə yox, sevgi və izah yolu ilə qoyulmalıdır. Ən vacib məqamlardan biri texnologiyanın düzgün istifadəni öyrətməkdir. Rəqəmsal dövrdə böyüyən uşaqlar üçün texnologiya həm imkan, həm də riskdir. Valideynlər həm nümunə göstərməli, həm də texnologiya istifadəsində sağlam sərhədlər yaratmalıdır”.
Onun sözlərinə görə, valideynlər pozitiv nizam-intizam üsulları formalaşdırmalıdırlar:
“Cəza deyil, nəticə əsaslı öyrənmə... Uşağın davranışlarının səbəblərini başa düşmək və onu empati ilə yönləndirmək daha effektiv tərbiyə üsuludur. Nəticə olaraq, bu günün valideyni – yalnız öyrədən deyil, həm də öyrənən olmalıdır. Yeni dövrün uşaqları üçün tərbiyə prosesi qarşılıqlı anlaşma və inkişaf prosesidir. Ən təsirli valideynlik isə uşağın şəxsiyyətini tanımaqdan və ona dəyər verməkdən keçir”.