Psixoloqların qarşılaşdıqları əsas problemlər nələrdir?

SOSİAL
13:46 / 26.05.2025
163

"Psixoloq olmaq cəmiyyətdə çox vaxt sadələşdirilmiş və yanlış təsəvvürlərlə qarşılanır". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, insanlar psixoloq olmağın sadəcə danışmaqdan ibarət olduğunu düşünürlər:

"Hətta elə bilirlər ki, hər kəs bu işi görə bilər. Lakin psixoloq olmaq dərin elmi bilik, geniş praktik təcrübə və yüksək peşəkarlıq tələb edən məsuliyyətli bir sahədir. Psixoloqlar insan psixikasının mürəkkəbliyini, fərdin emosional və davranış problemlərini anlamaq və effektiv müdaxilələr aparmaq üçün uzun müddətli təhsil və davamlı təkmilləşmə prosesindən keçirlər".

Ekspert qeyd edib ki, psixoloqlar iş prosesi zamanı ciddi emosional yüklə üzləşə bilirlər:

"Pasiyentlərin travmatik təcrübələrini dinləmək, onların ağır psixoloji vəziyyətlərini idarə etmək həm mənəvi, həm də peşəkar baxımdan emosional yüklənmənin nəticəsində yanma sindromu riski yüksək olur. Yəni psixoloq öz şəxsi resurslarını qorumaqda çətinlik çəkə bilər. 

Bundan başqa, cəmiyyətdə psixologiyaya qarşı mövcud olan stereotiplər və yanlış təsəvvürlər, eləcə də psixoloji yardımın qəbulunda müşahidə olunan sosial çətinliklər, peşəkarların fəaliyyətini məhdudlaşdıra və işin effektivliyinə mənfi təsir göstərə bilər".

374256

Psixoloq bu sahənin digər çətinliklərindən də bəhs edib:

"Pasiyentlə əlaqənin qurulmasında və terapiya prosesinin davam etdirilməsində də müəyyən çətinliklər olur. Məsələn, gözləntilərin reallıqla uyğun gəlməməsi və terapiya müddətinə dair yanlış təsəvvürləri nümunə göstərə bilərik. Bütün bu çətinliklərlə başa çıxmaq üçün psixoloqların da öz professional dəstəkləri, supervisionları və şəxsi resurslarını qoruma mexanizmləri olmalıdır. 

İş yükünün idarə olunması, davamlı təlim və peşəkar inkişaf, həmçinin psixoloqun şəxsi rifahının təmin olunması onun peşə fəaliyyətinin davamlı və effektiv olmasını təmin edir".

Ülviyyə İlqarın sözlərinə görə, psixoloq olmaq yüksək peşəkarlıq, emosional dayanıqlıq və etik məsuliyyət tələb edən bir peşədir:

"Bu sahəyə maraq göstərənlər üçün önəmli olan yalnız insanların problemlərini dinləmək deyil, həm də onların həyat keyfiyyətini artıracaq sistemli və elmi əsaslı müdaxilələr aparmaq bacarığını qazanmaqdır. Psixoloqların işində qarşılaşdıqları çətinliklər onların peşəkarlığını və şəxsiyyət inkişafını daha da dərinləşdirir, lakin bu yolda davamlı dəstək və qayğı böyük önəm daşıyır".

Pərviz

0