"Məsuliyyətsizlik çox zaman təkcə rahatlıqdan və ya arxayınlıqdan yaranmır".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun arxasında müxtəlif psixoloji səbəblər də olur:
"Məsələn, bəzən insanlar məsuliyyətdən qaçırlar. Çünki onlar uğursuzluqdan qorxurlar. Bir şeyi üzərinə götürüb bacarmasalar, nə olacağını düşünürlər. Nəticədə, heç bir addım atmamağı seçirlər. Digərləri isə özlərinə inanmırlar. Yəni bunu bacarmayacaqlarını düşündükləri üçün məsuliyyət götürməkdən çəkinirlər".
Onun sözlərinə görə, valideynləri tərəfindən hər şey onların yerinə edilən şəxslər də məsuliyyətdən qaçırlar:
"Belə böyüyən uşaqlar böyüdükdə də onlarda məsuliyyət hissi inkişaf etmir. Çünki zamanında nəyi necə edəcəklərini öyrənməyiblər. Bəzi insanlar isə həddindən artıq stress və yüklənmədən dolayı əlavə məsuliyyət götürmək istəmirlər. Psixoloji olaraq tükənmiş vəziyyətdə olmaq buna səbəb olur".
Ekspert qeyd edib ki, psixoloji pozuntular da məsuliyyətsiz olmağa gətirib çıxarır:
"Şəxsiyyətlə bağlı psixoloji pozuntuların da buna səbəb olması mümkündür. Məsələn, antisosial şəxslərdə bu məsuliyyətsiz davranışlar daha çox olur. Çünki bu insanlar ümumiyyətlə sosial qaydalara uyğunlaşmaqda çətinlik çəkirlər.
Bir sözlə, məsuliyyətsiz davranışın kökündə çox ciddi səbəblər ola bilər. Bunu sadəcə tənbəllik kimi qiymətləndirmək düzgün deyil. Əksinə, səbəbləri anlamaq və bu mövzuda insanlara dəstək olmaq vacibdir".
Pərviz