Alimlər: İnsanlar süni intellektə emosional olaraq bağlanırlar

SOSİAL
22:14 / 02.06.2025
83

Müasir dünyada süni intellekt (AI) hər yerdə yayılıb və insanların süni intellektlə qarşılıqlı əlaqəsi daha tez-tez və mürəkkəbləşir. Yaponiyanın Vaseda Universitetinin tədqiqatçıları, insanların bir-biri ilə emosional bağlar qurmasını ənənəvi olaraq izah edən psixoloji model olan bağlanma nəzəriyyəsi prizmasından insan-AI münasibətlərini nəzərdən keçirməyin mümkün olub-olmadığını araşdırmaq qərarına gəliblər. 

HİT.az xəbər verir ki, tədqiqat "Current Psychology" jurnalında dərc olunub.

Fan Yang və professor Atsuşi Oshionun rəhbərlik etdiyi bir qrup elm adamı insanın süni intellektə nə qədər emosional “bağlandığını” ölçməyə imkan verən xüsusi texnika - EHARS şkalası işləyib hazırlayıb. Məlum oldu ki, bir çox insanlar həqiqətən də dəstək və məsləhət üçün süni intellektə müraciət edirlər: tədqiqat iştirakçılarının demək olar ki, 75%-i süni intellektdən yardım mənbəyi kimi istifadə edir, təxminən 39%-i isə onu etibarlı və daimi yoldaş kimi qəbul edir.

Eyni zamanda, süni intellektə qarşı iki növ münasibət müəyyən edilib: narahat - insan səhv cavab almaqdan qorxduqda və dəstəyə ehtiyac duyduqda və çəkinən - insan süni intellektə yaxın olmaqdan narahat olduqda və məsafə saxlamağa üstünlük verəndə.

Alimlər vurğulayırlar ki, onların işi insanların AI-ni emosional səviyyədə necə qəbul etdiyini anlamağa kömək edir. Bu bilik daha etik və psixoloji cəhətdən uyğunlaşdırılmış süni intellekt sistemlərinin yaradılması üçün vacibdir – məsələn, tənha insanları dəstəkləmək üçün chatbotlar və ya psixoterapiya proqramları. Bu cür sistemlər istifadəçilərin fərdi ehtiyaclarını daha yaxşı nəzərə ala biləcək - narahat insanlara qarşı daha həssas olmaq və ya çəkinən insanların məsafəsinə hörmət etmək.

"Süni intellekt həyatımıza daha dərindən yerləşdikcə, insanlar orada təkcə məlumat deyil, həm də emosional dəstək axtarmağa başlayacaqlar. Bizim araşdırma bunun necə baş verdiyini anlamağa və istifadəçilərin psixoloji rifahını nəzərə alan texnologiyalar yaratmağa kömək edir", Fan Yang yekunlaşdırıb.

Samir
 

0