SLEEP jurnalında dərc olunan yeni araşdırmaya görə, axşam saatlarında fəal olmağa meyilli yeniyetmələr – yəni "bayquş" xronotipinə malik olanlar – səhər tezdən oyanmağa üstünlük verən həmyaşıdları ilə müqayisədə daha impulsiv davranış nümayiş etdirirlər.
HİT.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Pittsburq Universitetinin alimləri gəliblər.
Tədqiqatda orta yaşı 17 olan 210 yeniyetmə iştirak edib. Onlar sorğu anketlərini dolduraraq yuxuya getmə və oyanma vaxtı üzrə üstünlüklərini, eyni zamanda impulsivlik səviyyələrini göstəriblər. Bundan əlavə, iştirakçılardan melatonin səviyyəsinin təyin olunması üçün tüpürcək nümunələri götürülüb ki, bu da sirkadiyan ritmlərin obyektiv qiymətləndirilməsinə imkan verib.
Araşdırmanın nəticələrinə görə, "bayquşlar" adətən daha çox mənfi təcili impulsivliyə – yəni neqativ emosiyaların təsiri altında tez və düşünülməmiş qərarlar verməyə – meyllidirlər. Onlar, həmçinin çətin tapşırıqları yerinə yetirərkən daha tez təslim olurlar. Lakin maraqlıdır ki, sirkadiyan ritmlərin obyektiv fazaları ilə impulsiv davranış arasında birbaşa əlaqə aşkar edilməyib.
Müəlliflərin fikrincə, bu nəticələr impulsiv davranışla bağlı risklərin – o cümlədən psixoaktiv maddələrin istifadəsinin – qarşısını almağa yönəlmiş profilaktik yanaşmaların hazırlanmasında faydalı ola bilər. Alimlər düşünürlər ki, yuxu rejiminin tənzimlənməsi yeniyetmələrdə impulsivliyin azaldılmasında effektiv üsul ola bilər.
Samir