Özəl günlərimizi nə üçün bayrama salmağa çalışırıq?

SOSİAL
13:22 / 04.06.2025
121

Ətrafımızda bir çox insanın doğum günü bayramlara təsadüf edir. 

Həmçinin, nişan və ya toy günləri də bayramlarla eyni gündə olan çox sayda insan var. Bunların əksəriyyəti tamamilə təsadüf olsa da, bəziləri xüsusi olaraq seçilib. Yəni nişanlanan və ya evlənən cütlük bunun üçün özəl gün seçməyə üstünlük verirlər. Hətta bəzi analar belə uşağının doğumunun hansısa bayramla eyni gündə olmasını istəyirlər. 

Maraqlıdır, bu düşüncəyə səbəb nədir? İnsanlar psixoloji olaraq belə tarixlərə niyə bu qədər önəm verirlər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirib ki, bunun bir çox səbəbi ola bilər:

375055

"İnsanların özəl günlərini xüsusi bayrama salmasına səbəb yaddaqalan olması və unudulmamaq istəyindən yaranır. Bir sözlə, bunun arxasında simvolik və emosional ehtiyaclar dayanır. Çünki belə xüsusi bayram günləri onsuz da hər kəs tərəfindən bilinir. 

Məsələn, ətrafımızda neçə nəfərin ad gününü və ya evlilik ildönümünü bilirik? Əlbəttə ki, əksəriyyətimiz ən çox birinci dərəcəli qohumlarımızı bilirik. Digər insanları isə ya unudur, ya da doğru xatırlamayacağıq. Lakin onlar özəl günlərə təsadüf edəndə hər kəs tərəfindən bilindiyi üçün unudulma ehtimalı az olur". 

Ekspert bəzi şəxslərin özəl günlərini bayramlara salmasının psixoloji olaraq arxasında nəyin dayanması barəsində isə bunları deyib:

"Bunun arxasında daha çox önəmli olduğunu hiss etmək, eləcə də göz önündə və diqqət mərkəzində olmaq istəyi dayanır. Nəzərə almaq lazımdır ki, bəzi şəxslər özəl günlərində təbrik edilməyəndə özlərini unudulmuş və ya dəyərsiz hiss edirlər. Hətta ətrafları tərəfindən sevilmədiklərini belə düşünürlər. Bir çox hallarda isə emosional ehtiyacların boşluğu səbəbindən bu addım atılır".

Psixoloq sözlərini belə yekunlaşdırıb:

"Əslində, özümüzün dəyərini bilsək, ətrafdakı insanların düşüncələri bizə elə də ciddi təsir etməyəcək. Yəni hər bir məsələnin həlli özümüzlə olan münasibəti qaydasına salmaqdan keçir".

Pərviz

0