"Bəzi insanlar görünən heç bir problem yaşamadan, həyatda hər şey "yolunda" olduğu halda da içdən dərin bir kədər, boşluq və mənasızlıq hissi keçirirlər".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu hal bəzən "xronik depressiya" və ya "distimiya" adlanır:
"Lakin bunun kökündə sadəcə bioloji deyil, çox vaxt emosional və psixoloji izlər də dayanır. Bu şəxslər adətən uşaqlıqdan etibarən duyğularını ifadə edə bilməmiş, sevilmək üçün "gülən, sakit, ağlamayan, ağıllı" obrazı oynamağa məcbur olanlardır. Zamanla bu maska gerçək kimliklə qarışır və insan içində olan kədəri, dəyərsizlik hissini tanımadan yaşamağa başlayır".
Onun sözlərinə görə, bu hal getdikcə beyin üçün "normal vəziyyətə" çevrilir:
"Yəni xoşbəxtlik bədənə yad gəlir. Çünki o duyğunu tanımır. Hətta bəzən hər şey yaxşı olanda belə narahatlıq yaranır. Bu, sanki içi boş bir sakitliyə bənzəyir. Ancaq bu problemdən çıxış yolu mümkündür".
Psixoloq həmin yollardan da bəhs edib:
"Duyğuları tanımaq və onları ifadə etməyi öyrənməkdir. Çünki insan nə hiss etdiyini bilmədikcə onu sağalda bilməz. "Niyə belə hiss edirəm?" sualından daha çox "Bu hissin adı nədir?" deyə soruşmaq vacibdir. Həmçinin, özünü daim güclü göstərmək, "yaxşı" olmaq ehtiyacı da insanı içdən yavaş-yavaş yeyər.
Bu problemdən xilas olmaq üçün bəzi məqamlara fikir vermək labüddür. Məsələn, gündəlik hərəkət, sosial təmas, yuxu rejimi və qidalanma kimi bədənə qayğı duyğusal vəziyyətə təsir edir. Ümumiyyətlə, davamlı kədər, mənasızlıq, yorğunluq hissi edirsinizsə, bu dərinləşmiş bir emosional blokajın və ya travmatik təcrübənin nəticəsi də ola bilər".
Lakin Zəhra Zahidova vurğulayıb ki, mütəxəssis dəstəyi ilə bunları dərindən araşdırmaq çox önəmlidir:
"Əslində, depressiya bir zəiflik deyil. Bu, insanın içində sözünü deyə bilmədiyi üçün hisslərinin səssiz çağırışıdır. Onu dinlədikcə, hisslər azadlığa çıxar".
Pərviz