Dövlət büdcəsindən 13 milyon ayrıldı - Şagirdləri çaşdıran dərsliklər yenilənir?

SOSİAL
20:58 / 14.06.2025
59

Azərbaycanda ümumtəhsil məktəblərində dərslik siyasətinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb. 2025-ci il üzrə dövlət büdcəsindən dərsliklərin hazırlanması, nəşri və yenilənməsi üçün təxminən 13 milyon manat vəsait ayrılıb. Bu vəsait həm çap işlərini, həm də məzmun baxımından dərsliklərin yenilənməsini əhatə edir.  

Yeni dərs vəsaitlərində məzmun və metodika baxımından hansı yeniliklər nəzərdə tutulur və bu dəyişikliklər müəllim və şagirdlərin gündəlik tədris fəaliyyətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya açıqlama verib. Onun sözlərinə görə, dərs vəsaitlərinin yenilənməsi prosesi hər beş ildən bir Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilir:

"Bu il ayrılan məbləğ əsasən ibtidai siniflər və məktəbəqədər təhsil müəssisələri üçün nəzərdə tutulub. Xüsusilə 6-cı sinif tarix dərsliyində ciddi dəyişikliklərin aparılması gözlənilir. Dövlət İmtahan Mərkəzinin cari ildə keçirdiyi qəbul imtahanlarında bu dərsliklə bağlı müəyyən uyğunsuzluqlar ortaya çıxmışdı.

Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş dərslikdə təqdim olunan mətnlə DİM-in yardımçı vəsaitlərində yer alan məlumatlar bir-birindən fərqlənirdi. Sualların böyük əksəriyyəti isə həmin yardımçı vəsaitlərə əsasən hazırlanmışdı. Bu isə şagirdlər və müəllimlər üçün çaşdırıcı oldu. Hesab edirəm ki, bu cür uyğunsuzluqların aradan qaldırılması üçün dərsliklərin yenilənməsi vacibdir”.
 

0