"Hər hədəfə çatmaq məcburiyyətində deyilsən" - Psixoloq

SOSİAL
14:19 / 23.06.2025
57

"Bəzən insanlar qaçaqaçın içində olduqlarını görürlər". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bunun səbəblərindən bəhs edib:

"Çünki hər kəs nəyəsə nail olur, onlar da geri qalmamağa çalışırlar. Bəzən bu istək ətraf mühitin, ailənin, cəmiyyətin və sosial şəbəkələrin güclü təzyiqindən yaranır. Hazırda sosial şəbəkədə hər şey o qədər mükəmməl göstərilir ki, insanlar özünü yetərsiz hiss etməyə başlayır. Nəticədə çox mühüm bir şey gözdən qaçır: insan robot deyil". 

Ekspert bildirib ki, hər istiqamətdə uğur qazanmaq, hər sahədə “ən yaxşı” olmaq da mümkün deyil:

"Əlbəttə ki, bu da normaldır. Ona görə də "Hər şeyi bacarmalıyam" deyə başlayan cümlələr özünə zərərdən başqa bir şey deyil. Özünüqiymətləndirmənin aşağı düşməsi, bəzən isə depressiya və ya tükənmişlik sindromuna apara bilər". 

376243

Psixoloqun sözlərinə görə, bu vəziyyətin kökündə 3 faktor dayanır:

"Birincisi, özünü başqaları ilə müqayisə etməkdir. İkincisi, dəyər hissinin yalnız nəticəyə bağlanmasıdır. Üçüncü isə valideyn və ya cəmiyyət tərəfindən kiçik yaşdan etibarən uşağa deyilən “ən yaxşı olmalısan” mesajlarıdır". 

Lakin Ülviyyə İlqar bundan xilas olmaq üçün yollar da göstərib:

"İlk növbədə dayanıb özünə sual vermək lazımdır: “Mən doğrudan da bunu özüm üçün istəyirəm, yoxsa sadəcə dəyərli hiss etmək üçün?” Sonra isə çətin mərhələ gəlir:  "Hər hədəfə çatmaq məcburiyyətində deyilsən. Bəzən bir şeydən imtina etmək də özünü sevməyin formasıdır".

Bəlkə də ən vacibi öz tempində yaşamaqdır. Unutmayın ki, həyat bir yarış və ya marafon deyil. Bu, sizin yolunuzdur. Siz öz yolunuzu nəfəsiniz və ritminizlə gedə bilərsiniz. Ona görə də bəzən dayanmaq, baxmaq, hiss etmək və sadəcə “olmaq” inkişafın bir hissəsidir".

Pərviz

0