"Cəmiyyətin məktəb psixoloqları ilə bağlı gözləntiləri fərqlidir".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bu gözləntilərin fərqli olmasının səbəblərindən danışıb:
"İnsanların gözləntiləri reallaşmadığına görə məktəb psixoloqlarına qarşı fərqli bir baxış bucağından yanaşmağa başlayırlar. Sözsüz ki, buna da səbəb məktəbdəki sistemin quruluşudur. Əslində, məktəb psixoloqlarından şagirdlərə psixoloji dəstək gözlənilir.
Lakin bəzi məktəblərdə psixoloqlar şagirdlərə psixoloji dəstəkdən çox məktəbin hansısa sənədlərini yazmaq kimi işlərini edirlər deyə düşünülür. Bu, keçmiş dövrlərdən formalaşmış bir sistemdir. Nəticədə, bunu görən valideynlərin də məktəb psixoloqlarına qarşı düşüncəsi birmənalı olmur".
Ekspert qeyd edib ki, bəzi məktəblərdə isə peşəkar psixoloqlar çalışırlar:
"Onlar, şagirdlərin dərdlərini dinləyir və onlara psixoloji dəstək verirlər. Məktəb psixoloqları arasında çox gözəl motivator qabiliyyətlərinə sahib olanlar da az deyil. Yəni işinə məsuliyyətlə yanaşan psixoloqlar da var. Lakin əksər psixoloqların məktəbin sənəd işlərini etmələri onlara qarşı münasibəti dəyişib".
Psixoloqun sözlərinə görə, əksər məktəb psixoloqlarının kabinet və resursları da yoxdur:
"Bu isə istər-istəməz onların işlərinə qarşı maraqlarının və həvəslərinin "ölməsinə" gətirib çıxardır. Çox təəssüf ki, bir çox valideyn də psixoloqu problemlərin həlli olaraq görür. Onların düşüncələrinə əsasən, uşaqlarının problemlərinin hamısını məktəb psixoloqu həll etməlidir.
Ancaq unudurlar ki, psixologiya anlayan, dinləyən və empati quran bir peşədir. Orada problemlərin konkret həlli olunur. Bu səbəbdən də bəzi valideynlər arasında məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür formalaşır".
Nabat Mirzəyeva bildirib ki, məktəb psixoloqları müəllimlər və valideynlər arasında kommunikasiya qurmalı, onlarla kontaktda olmalıdır:
"Bu zaman məktəb psixoloqu peşəsi daha gözəl və faydalı olar. Ancaq bu kommunikasiyalar qurulmadığına görə məktəb psixoloqları bir çox məsələdən kənarda qalırlar. Bu da valideynlərin onlara olan etimadının zəifləməsinə səbəb olur.
Hazırda sadaladığım bir çox səbəbə görə məktəb psixoloqlarına qarşı münasibət birmənalı deyil. Lakin valideynlər onlara qarşı yanlış təsəvvürlərdən əl çəksələr, habelə onların iş şəraitləri yaxşılaşdırılsa, məktəb psixoloqlarının fəaliyyəti daha səmərəli ola bilər".
Pərviz