Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova ali məktəbdən məzun olub.
HİT.az xəbər verir ki, bu barədə şəhid xanımı özünün sosial şəbəkə hesabında paylaşım edib.
"Tam 4 il bundan öncə, Farizin şəhid olmağından 1 il sonra özümü sınadım və ali məktəbə qəbul olundum. Təbii ki, mənim ali təhsil almağım onun ən böyük arzusu idi və mən onu yerinə yetirdim. Bu gün böyük fəxr və qürur hissi ilə deyirəm ki, mən artıq məzunam. Ruhun şad olsun, Fariz. Əzizən ali təhsil müəssisəsini başa vurdu. Və artıq bundan sonra uğurla addımlayacağım bir hədəfə çatmaq üçün səylə çalışmalıyam. Ən əsası mənə yadigar qalan iki övladımın təhsilli, vətənpərvər və vicdanlı bir şəxsiyyət kimi formalaşmasında əlimdən gələni etməliyəm. Bu mənim həm ata, həm də ana kimi valideyn olaraq vəzifə borcumdur. Var gücümlə çalışacam ki, övladlarımın üzərində hər zaman günəş olsun. Kölgə onların üzərinə qaranlıq salmasın. Həyatda ən böyük silahım nailiyyətlərim və övladlarımın qarşısında aciz qalmamağım olsun».
Qeyd edək ki, Əzizə Həsənova "Odlar Yurdu” Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu ve audit ixtisasını bitirib.
Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Füzuli rayonunun işğaldan azad olunması əməliyyatında iştirak edib. 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə”, "Vətən uğrunda” medalları ilə təltif edilib.