"Bəzi insanlar ailələrinə və yaxın çevrələrinə qarşı zamanla yadlaşırlar".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu yadlaşma, bəzən açıq şəkildə soyuqluqla, bəzən də səssiz şəkildə məsafə saxlamaqla özünü göstərir:
"Əvvəllər səmimi, paylaşım dolu olan münasibətlər getdikcə formal və səthi hal alır. Bu davranışın altında çox zaman emosional səbəblər yatır. İnsan öz içində izah edə bilmədiyi narahatlıqları, inciklikləri və ya yorğunluğu yaxınlarından uzaq durmaqla ifadə etməyə başlayır. Əksər hallarda bu bir müdafiə mexanizmi hesab olunur".
Onun sözlərinə görə, insan keçmişdə yaxınlarından gördüyü tənqid, təzyiq, anlaşılmamaq və ya duyğusal ehtiyaclarının qarşılanmaması kimi təcrübələrdən sonra yenidən zədələnməmək üçün emosional məsafə yaradır:
"Bu məsafə onu qoruyurmuş kimi hiss etdirir, lakin eyni zamanda daxili boşluq və yalnızlıq da yaradır. Digər tərəfdən, insanın öz şəxsiyyətini formalaşdırma prosesi də bu yadlaşmaya təsir edə bilər. Özünü axtaran, fərqli düşüncəyə sahib olan insan bəzən ailəsi və yaxınları ilə dəyərləri uyğun gəlmədiyi üçün uzaqlaşma yolunu seçir. Bu zaman yaxın münasibətlər ona boğucu, anlaşılmaz və ya geriçəkici gələ bilər".
Ekspert qeyd edib ki, yadlaşmanın qarşısını almaq üçün isə ilk addım niyə bu məsafəni yaratdığını dürüst şəkildə özünə etiraf etməkdir:
"Bu, “onlar mənə nə etdi” sualından çox “mən bu münasibətdə nə hiss etdim və nəyi qorumağa çalışdım?” sualına cavab tapmaqla başlayır. İkinci mərhələdə isə özünü ifadə etmə, anlaşılmaq və sınmadan yaxınlıq qurma bacarıqları üzərində işləmək lazımdır.
Psixoterapiya bu prosesdə köməkçi ola bilər. Çünki bəzən insan məsafə saxladığı münasibətdə nə üçün emosional olaraq yaralandığını təkbaşına anlaya bilmir. Əgər münasibət bərpa olunması dəyərli bir bağdırsa, bu məsafə yenidən sevgi və anlayışla bağlana bilər. Yetər ki, o məsafəni aradan qaldırmaq istəyək".
Pərviz