"Çin dili tədrisi yalnız simvolik xarakter daşıyacaq və real nəticə verməyəcək"

SOSİAL
16:31 / 25.06.2025
53

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir. Bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib. Nazir bildirib ki, hansısa müəllim xarici dil tədris etməsi üçün başqa ölkədən dəvət olunursa, o lazımi əmək haqqı ilə təmin edilməlidir. 

Maraqlıdır, məktəblərdə Çin dilinin tədrisi mümkündürmü? Bu sahədə yetərincə kadr var?

Təhsil eksperti Kamran Əsədov Hit.az-a şərhində bildirib ki, Çin dilinin Azərbaycan məktəblərində tədrisinə başlanması təşəbbüsü ölkənin təhsil strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi təqdim edilsə də, bu prosesin reallığı və icra qabiliyyəti ciddi təhlil tələb edir. Elm və Təhsil naziri Emin Əmrullayevin VIII ADA Beynəlxalq Təhsil Konfransında bu istiqamətdə səsləndirdiyi fikir, Azərbaycan təhsilinin qlobal əməkdaşlığa açılması, Çinin iqtisadi və siyasi gücünü nəzərə alaraq onun dilinin tədrisinə yer ayrılması baxımından strateji niyyətin ifadəsidir: 

"Lakin təhsil sahəsində hər bir strateji niyyət yalnız hüquqi əsaslar, mövcud resurslar, kadr potensialı və icra mexanizmi ilə birlikdə real dəyər qazanır. Mövcud vəziyyət isə göstərir ki, bu niyyətin icrası üçün hələlik ciddi boşluqlar mövcuddur.

qaynarinfo.az

Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” Qanununun 6.3-cü maddəsində qeyd olunur ki, xarici dillərin tədrisi müvafiq təhsil planlarına uyğun olaraq həyata keçirilməlidir və bu proses pedaqoji resurslar, dərslik təminatı, qiymətləndirmə mexanizmləri və tədris metodikasına əsaslanmalıdır. Hazırda isə Çin dilinin orta məktəblərdə tədrisi üçün nə ixtisaslaşdırılmış dərslik mövcuddur, nə də ümumi təhsil mühitinə uyğunlaşdırılmış tədris proqramı hazırlanıb. Bu səbəbdən də bu təşəbbüs real icra mərhələsindən çox konseptual təşəbbüs kimi qiymətləndirilməlidir.

Ən böyük struktur problem kadr çatışmazlığıdır. Çin dili üzrə ixtisaslaşmış yerli müəllimlərin sayı 2024-cü ilin məlumatlarına görə 20 nəfəri keçmir. Bu müəllimlərin əksəriyyəti ya universitetlərdə dərs deyir, ya da müəyyən özəl təhsil mərkəzlərində fəaliyyət göstərir. Orta məktəb səviyyəsində isə Çin dili tədris edən müəllim demək olar ki, yoxdur. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələrində Çin dili müəllimliyi üzrə ayrıca ixtisas mövcud deyil. Bu isə uzunmüddətli kadr siyasətinin olmadığını və bu dilin sistemə daxil edilməsi üçün hazırda real baza olmadığını göstərir.

Çin dilinin tədrisinin müsbət tərəfi ondan ibarətdir ki, bu, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq istiqamətlərinə uyğun şəkildə dil strategiyasının genişlənməsinə xidmət edə bilər. Çinin “Bir Kəmər, Bir Yol” layihəsi, Azərbaycanda artan Çin investisiyaları və Çin universitetlərinə marağın artması, gələcəkdə bu dili bilən mütəxəssislərə tələbat yaradacaq. BMT-nin rəsmi dillərindən biri olan Çin dili bu gün dünyada ən çox danışılan dildir – 1.3 milyarddan artıq insan bu dildə ünsiyyət qurur. Bu dildə təhsil alan şagirdlər gələcəkdə texnologiya, ticarət, beynəlxalq hüquq və diplomatiya sahələrində yeni imkanlar qazana bilərlər. Dünya Bankı və UNESCO-nun hesabatlarında da göstərilir ki, çoxdilli təhsil alan şagirdlər təkcə dil bilikləri deyil, həm də beynin analitik işləmə qabiliyyəti baxımından digər şagirdlərdən üstün olurlar.
Lakin nəzərə almaq lazımdır ki, Çin dili struktur baxımından ən çətin dillərdən biridir. Fonetik ton sistemi, hieroqrafik yazı və dilin lüğət tərkibi orta məktəb yaşında olan şagirdlər üçün əlavə yüklənmə deməkdir. Bu isə tədris metodikasının sadəcə “tərcümə olunmuş” deyil, xüsusi olaraq  Azərbaycan məktəbi və şagird səviyyəsinə uyğunlaşdırılmış kurikulum əsasında hazırlanmasını tələb edir. Əks halda, bu dilin tədrisi şagirdlər üçün ağır, müəllimlər üçün isə qeyri-effektiv bir prosesə çevriləcək.

Dünya təcrübəsində Çin dili tədrisi əsasən seçmə xarici dil kimi təqdim olunur. Məsələn, Almaniya və Fransa kimi ölkələrdə Çin dili yalnız müəyyən gimnaziya və liseylərdə, müvafiq hazırlıq səviyyəsinə malik şagirdlər üçün təklif edilir. Bu məktəblərdə dərs deyən müəllimlər ya Çində təhsil almışdır, ya da xüsusi ixtisasartırma proqramlarından keçmişdir. Sinqapur, Cənubi Koreya və Malayziyada isə Çin dili əsasən rəsmi və ya yarırəsmi statusa malikdir, ona görə də məktəb sisteminə inteqrasiyası asandır. Azərbaycanla müqayisədə bu ölkələrdə Çin dilinin həm sosial istifadə səviyyəsi, həm də dövlət tərəfindən dəstəklənən metodik infrastrukturu daha genişdir.

Əgər Azərbaycan bu istiqamətdə irəliləmək istəyirsə, ilkin mərhələdə pilot layihə formatında müəyyən məktəblərdə, xüsusilə texniki və beynəlxalq təmayüllü liseylərdə Çin dilinin seçmə fənn kimi tətbiqinə başlanıla bilər. Paralel olaraq, ADA Universiteti, ADPU, BDU və digər ali məktəblərdə Çin dili müəllimliyi ixtisası yaradılmalı, Konfutsi İnstitutu və Çin hökuməti ilə əməkdaşlıq çərçivəsində müəllim mübadiləsi, təlim proqramları və təqaüdlər təşkil olunmalıdır. Əlavə olaraq, təhsil sahəsində çalışan yerli müəllimlər üçün 6-12 aylıq ixtisasartırma proqramları vasitəsilə bu sahədə yerli potensial formalaşdırıla bilər.

Əgər bu sahədə struktur dəyişikliklər edilməzsə, bu təşəbbüs yalnız beynəlxalq konfranslarda səsləndirilmiş niyyət olaraq qalacaq. Çin dilinin məktəblərdə tədrisi yalnız siyasi qərar deyil, həm də pedaqoji, texniki və iqtisadi məsuliyyət tələb edən bir prosesdir. Nə dəyişməlidir sualının cavabı aydındır: kadr hazırlığına dərhal başlanmalı, təhsil proqramları yenilənməli, tədris resursları hazırlanmalı və bu sahəyə sosial maraq artırılmalıdır. Nə dəyişəcək sualına cavab isə bu prosesin icrası ilə bağlı olacaq: Azərbaycan məktəblərində çoxdillilik artacaq, şagirdlərə yeni perspektivlər açılacaq və ölkənin qlobal əmək bazarına inteqrasiyası güclənəcək.

Lakin bu yalnız planlı, mərhələli və resurslarla dəstəklənən siyasət nəticəsində mümkün ola bilər. Əks halda, Çin dili tədrisi yalnız simvolik xarakter daşıyacaq və real nəticə verməyəcək".

Sevinc

0