"Bəzən insanlar daim tək qalmağı seçirlər".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu şəxslər heç kimlə yaxınlaşmır, dostluq etmir və bir kəlimə hal-əhval tutmaqdan belə qaçırlar:
"Kənardan baxanda bu, onların seçimi kimi görünür. Amma bu tənhalığı seçməyin arxasında gizlənən başqa səbəblər var. Çox vaxt bu hal uşaqlıqda yaşanan bir travmadan, laqeyd münasibətdən və ya təkrarlanan xəyal qırıqlıqlarından doğur.
Məsələn, dəfələrlə insanlara inanıb, amma hər dəfə sonda peşman olub. Belə olanda beyin bir müdafiə mexanizmi yaradır: "Tənhalıq təhlükəsizdir". Çünki heç kimə ürəyini açmasan, heç kim də incidə bilməz".
Lakin ekspert qeyd edib ki, bir yerə qədər bu "təhlükəsizlik" insanın içində bir boşluq yaradır:
"Qəlb sevgi, ünsiyyət və paylaşım istəyəndə susdurulur. Zamanla bu tənhalıq insanın ruhunu yorur, enerjisini azaldır. Bəs nə etmək olar? Əvvəlcə bunu özündə qəbul etmək lazımdır: Bəli, mən bəzən insanlardan uzaq dururam, amma bu, mənim istəyim deyil, qorxularımın nəticəsidir".
Psixoloq vurğulayıb ki, kiçik addımlarla başlamaq olar:
"Bir nəfərlə sadəcə salamlaşmaq, bir qohuma zəng vurmaq və ya bir insanla söhbət etməklə başlaya bilərsiniz. Duyğularını yazmaq da çox kömək edir. Niyə tək qalmaq istəyirsən? Nədən qorxursan? Sənə kim necə təsir edib? kimi sualları cavablandıraraq problemin həllinə istiqamət tapıla bilər. Bundan başqa, psixoloq dəstəyi almaq da önəmlidir. Bu, heç də zəiflik deyil. Əksinə, özünü sevməyin bir formasıdır".
Ülviyyə İlqar sözlərini belə yekunlaşdırıb:
"Düzdür, tək qalmaq bəzən gözəldir. Amma daim təklikdə qalmaq qəlbinin səsini susdurmaq kimidir. Əslində, insan ünsiyyət üçün yaradılıb. Unutma ki, sənə toxunan, səni anlayan kimsə həmişə bir yerdə var".
Pərviz