Cəmiyyət nə üçün psixoloqlara inanmır? - Psixoloq AÇIQLADI

SOSİAL
13:32 / 04.07.2025
66

"Son dövrlərdə Azərbaycanda psixoloq sahəsi kifayət qədər aktuallaşıb". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 
 
O bildirib ki, əvvəllər psixoloqların konkret olaraq hansı peşəyə sahib olduqları cəmiyyət tərəfindən tam bilinmirdi:

"Ancaq indiki dövrdə vəziyyət dəyişib. İndi bu sahəni bilməyənlər psixoloq olmağa başlayıblar. Təəssüflər olsun ki, hazırda hansısa akademik təhsili olmayan şəxslər sadəcə bir kursla özlərini psixoloq elan edirlər. Bu şəxslərin özlərini psixoloq adlandırması insanların bu sahəyə inamını azaldır. Çünki indiki dövrdə hər kəs çox rahatlıqla özünü psixoloq adlandıra bilir". 

377138

Ekspert qeyd edib ki, hazıra istənilən şəxs özünün psixoloq ola biləcəyini zənn edir:

"Bu da istər-istəməz vətəndaşların psixoloqlara inamına mənfi təsir göstərir. Bundan əlavə, yaşam koçları və ya mentorların özlərini psixoloq kimi təqdim etməsi də bu vəziyyətə gətirib çıxarır. Maraqlıdır ki, bəzi şəxslər bu peşələri bir-birindən ayıra bilmirlər. Nəticədə, adıçəkilən sahələrə dair fikirlərdə qarışılıq yaranır. Bu səbəbdən də insanlarda psixoloqlara qarşı yaranan inamsızlıq sürətlə artmağa başlayır".

Ekspert diqqətə çatdırıb ki, hələ də psixoloqa gedənlərə "dəli" kimi baxanlar var:

"Hətta bəzən psixoloqu "dəli həkimi" də adlandırırlar. Bəziləri elə fikirkəşirlər ki, ağlı yerində olmayan insanlar psixoloqa müraciət edirlər. Təəssüflər olsun ki, hələ də insanlar "Nəyə görə psixoloqa getməliyəm?" kimi suallar verirlər. Üstəlik, bu şəxslər psixoloqa gedənləri də qınayırlar. Onların düşüncəsinə görə, psixoloqa gedənlər ya ağlını itirən, ya da özlərini idarə edə bilməyənlərdir".

Onun sözlərinə görə, bəzi şəxslər də özlərinin psixoloq kimi olduqlarına inanırlar:

"Lakin unudurlar ki, kiməsə məsləhət vermək və yaxud da yol göstərmək psixoloqluq etmək deyil. Psixologiya bir elmdir. Bu, bir məsləhət yeri və ya qarşımızdakı insanın yönləndirmək yeri deyil. 

Üstəlik, savadlı psixoloqlar çox göz önündə olmurlar. Əfsuslar olsun ki, qeyri-etik hərəkətlər sərgiləyən, nəzakətsiz açıqlamalar verən "psixoloqlar" gündəmdə olurlar. Buna görə də insanlar artıq psixoloqluğu özünü reklam edən boş bir peşə olaraq görürlər".

Nabat Mirzəyeva fikirlərini belə yekunlaşdırıb:

"Bəzi insanlar da düşünürlər ki, psixoloq yanına getmək üçün çoxlu pula ehtiyac var. Onlar, "Psixoloq pul aldığı üçün bizi dinləyir" düşüncəsində olurlar. Ancaq unudurlar ki, hər peşə belədir. Yəni, biz marketə girdiyimizdə ödəniş etmədən hansısa məhsulu ala bilərikmi? Xeyr! Həkimə gedəndə ödəniş etməsək bizi müayinə edərlərmi? Xeyr! Sözsüz ki, psixoloji xidmətin də bir qarşılığı var".

Pərviz

0