"Bəzən elə insanlar olur ki, illər keçsə də adını eşidəndə, yadımıza düşəndə içimizdə qəribə bir hiss yaranır".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən danışıb:
"Əslində, bunun arxasında sadəcə "sevmişdim" ya da "çox yaxşı insan idi" kimi sadə səbəblər durmur. Məsələn, sən o insanla özünü güvəndə hiss etmisənsə, yanında xoşbəxt olmusan. Ya da əksinə çox incimisənsə, o zaman beynin həmin adamı "vacib" kimi yadda saxlayır".
Ekspert fikirlərini belə davam etdirib:
"Yəni beyin deyir: "Bu adam sənə təsir edib, yadda saxla, bəlkə gələcəkdə oxşar bir vəziyyətlə qarşılaşarsan". Həm də bu insanlar bizdə "tamamlanmamış hisslər" buraxır. Deyə bilmədiklərimiz, yaşaya bilmədiklərimiz, beyin bu "yarım qalmışlığı" bağlaya bilmədiyindən o insanı da buraxa bilmirik".
Ülviyyə İlqar "Psixoloji cəhətdən kimisə unutmamaq mümkündürmü?" sualına isə belə cavab verib:
"Bəli, kimisə unutmamaq psixoloji cəhətdən mümkündür. Bu, zəiflik deyil, insani haldır. Sadəcə bu hissin bizə nə demək istədiyini başa düşmək, özü ilə barışmaq və yavaş-yavaş o bağlardan azad olmaq vacibdir.
Bəzən unuda bilmədiyimiz insanlar bizim "dərsimiz" olur. Deməli, onlardan öyrənəcəyimiz bir şey varmış ki, yaddaş bizə təkrar-təkrar onu xatırladır. Məsələyə bu aspektdən baxmaq daha faydalıdır".
Pərviz