Hər il qəbul imtahanlarından sonra xeyli söz-söhbət olur.
Buna səbəb qəbul imtahanlarında abituriyentlərə təqdim olunan testlərdə bəzi suallarının xətalı olmasıdır. Üstəlik, əksər vaxtlarda həqiqətən də suallarda xəta olduğu təsdiqlənir. Lakin xətalı suala görə imtahanda abituriyentlərin xeyli zamanı itir. Bu isə sonda toplanan bala təsir göstərir.
Ümumiyyətlə, nə üçün qəbul imtahanlarında hansısa suallarda səhvlər olur? İmtahandan əvvəl bununla bağlı lazımi səviyyədə yoxlamalar aparılmır?
Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev Hit.az-a açıqlama verib. O bildirib ki, son zamanlarda qəbul imtahanlarında bu kimi problemlərlə çox rast gəlinir:
"Düşünürəm ki, bu problemlərin yaranmasının bir neçə səbəbi var. Əsas səbəblərdən biri insan faktorudur. Çünki imtahan suallarını hazırlayan mütəxəssislər nə qədər təcrübəli olsalar belə, onlar da insandırlar.
Yəni abituriyentlərin taleyini həll edə biləcək qəbul imtahanın sualları hazırlanarkən mövzular və suallar bir yox, bir neçə mütəxəssisin nəzarətindən keçməlidir. Yalnız ondan sonra həmin sualların çap olunmasına və qəbul imtahanlarında istifadə edilməsinə icazə verilməlidir".
Ekspert qeyd edib ki, bəzən də sualın məzmunu ilə bağlı bir uyğunsuzluq olduğuna şahid oluruq:
"Daha dəqiq desək, dərslikdə olan mövzularla imtahanda düşən sualların məzmunu tamamilə fərqli olur. Eyni zamanda, texniki xətalara da rast gəlirik. Məsələn, bunu son illərdə əsasən riyaziyyat fənnində daha çox görmüşük.
Bir çox hallarda qəbul imtahanlarının suallarını hazırlayan mütəxəssislər təəssüf ki, xarici test bankalarından istifadə edirlər. Doğru tərcümə etmədikləri üçün də suallarda yanlış anlaşılmalar olur. Nəticədə, abituriyentlər suallara düzgün cavab verə bilmirlər".
Onun sözlərinə görə, yoxlama prosesinin yetərsizliyi də ciddi problemdir:
"Rəsmi struktur olan Dövlət İmtahan Mərkəzi (DİM) bu prosesin çox mərhələli və nəzarətli olduğunu deyir. Lakin bəzən biz bu testləri yoxlayan şəxslərin səhvlər buraxdığının şahidi oluruq. Ona görə də abituriyentlərə tövsiyə edirik ki, mütləq şəkildə apeliyasiyaya müraciət etsinlər.
Əgər cavabladıqları sualların doğruluğundan əmindirlərsə, bunu aydınlaşdırsınlar. Ümumiyyətlə, abituriyentlərin də imtahanlarda əzbərçiliyi analitik düşüncə ilə əvəz etmələri onlar üçün daha yaxşı olar".
Adil Vəliyev digər problemərdən də söz açıb:
"Düşünürəm ki, həm imtahan suallarını hazırlayan, həm də onları yoxlayan insanlar öz ixtisasları üzrə yaxşı mütəxəssis olmalıdırlar. Bundan başqa, müstəqil ekspertlərdən ibarət geniş bir heyətlə bəzi müzakirələr aparılmalıdır. Dövlət İmtahan Mərkəzi və test imtahanı edən dövlət müəssələri bu addımı atmalıdırlar.
Çünki fikir alış-verişi olmalıdır. Deyilən hər bir fikirə daha çox diqqət ayrılmalıdır. Bu kimi problemlərin aradan qaldırılması, şəffaflığın tam şəkildə təmin olunmasına daha çox üstünlük verilməlidir. Bu, təkcə texniki deyil, həm də etimad məsələsidir".
Pərviz