"Bəzi insanlar uşaqlıqda yaşadıqları travmaların izlərini yalnız illər sonra, yetkinlik dövründə münasibətlərdə, özlərini ifadə edərkən və ya qərarlar verərkən hiss edirlər".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, uşaqlıq travmaları yalnız xatirə olaraq qalmır:
"Bu, insanın şəxsiyyətinə, dünyagörüşünə və emosional reaksiya sisteminə dərin təsir göstərir. Çünki uşaqlıq insan şüurunun formalaşdığı və beynin duyğusal inkişaf baxımından ən həssas olduğu dövrdür".
Ekspert qeyd edib ki, uşaqlıq travması yalnız zorakılıq, itki və ya böyük bir hadisə ilə baş vermir:
"Bəzən duyğuların görülməməsi, sevilməyin şərtlərə bağlanması, davamlı tənqid, qorxuların kiçildilməsi və ya uşaqla emosional bağın qırılması da travmatik yaşantılara gətirib çıxarır. Uşaq belə anlarda yalnızlığı və qorxunu içsəlləşdirir, dünyaya və insanlara qarşı "təhlükə var" mesajı alır.
Beynin travmaya cavabı müdafiə mexanizmləri yaratmaqdır. Məsələn, bir uşaq sevgisiz böyüyübsə, böyüyəndə sevgi qazanmaq üçün həddindən artıq fədakarlıq göstərməyə meyilli olur. Tərk edilmiş uşaq gələcəkdə münasibətlərdə daimi tərk edilmə qorxusu yaşaya bilər. Tənqidə məruz qalan bir uşaq isə illər sonra belə özünü sübut etməyə çalışar, hər zaman "yetərli deyiləm" inancını daşıyar".
Zəhra Zahidova vurğulayıb ki, sözügedən travmalar "bitdi" deməklə bitməz:
"Əgər emosional olaraq duyğularla terapiya olunmayıbsa, sürünməyə davam edər və şəxsiyyətin bir hissəsinə çevrilər. İnsan özünü tanımadığı, duyğularını tənzimləmədiyi və keçmişindəki izləri anlamadığı müddətcə eyni döngüləri yaşamağa davam edir. Eyni münasibətlər, narahatlıqlar və özünü günahlandırmalar yaşanır".
Psixoloqun sözlərinə görə, travmanın gələcəyə daşınmaması üçün ilk addım fərqindəlikdir:
"İnsan keçmişinə baxmaqdan qorxmamalı, uşaqlıqda aldığını düşündüyü mesajları analiz etməli və bu inanc sisteminin bugünkü həyatına necə təsir etdiyini anlamağa çalışmalıdır. Psixoloji dəstək alaraq bu travmaların köklərinə enmək və daxili uşağıyla bağ qurmaq şəfa prosesini başladar.
Nəticədə, travmanı yox etmək mümkün olmasa da, onu anlamaq və ona qarşı yeni bir münasibət qurmaq insanın özünü azad, güvəndə və dəyərli hiss etməsinin yolunu açır. Bu da təkcə psixoloji deyil, həm də emosional və davranışsal sağlamlığın əsasını təşkil edir".
Pərviz