Son 6 ayda Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub.
Bu ilin son altı ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib.
Eyni zamanda Dağlar, Alay, Ayala, Ayat, Xanəli, Bircəgül, Gülan, Tükəzban, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Güldanə, Zara, Xədicat, Xilqət, Xosaxan, Ramon, Qəribəli adlarının isə hər biri bir uşağa qoyulub.
Qeyd edək ki, mütamadi olaraq uşaqlara qəribə adlar qoyulur.
Sosioloq Əhməd Qəşəmoğlu Hit.az-a deyib ki, bu gün gündəlik həyatımızda da gülünc adlar daşıyan insanlara rast gəlirik:
“Körpəyə verilən ad onun sonrakı həyatına təsir edir. Uşaqlara gülünc adlar verilməsinin bir sıra səbəbləri var. Burada dövrün şərtləri, yeni kəşflər və ya batil inanclar öz sözünü deyir. Bəzi valideynlər isə sırf birinci uşağın adı ilə həmqafiyə olsun deyə uşağına gülünc ad verməkdən çəkinmir. Valideynlərin övladlarına gülünc adlar qoyması, əslində, uzun müddətdir davam edən bir tendensiyadır. Bu kimi halların qarşısını almaq üçün müxtəlif formada maarifləndirici tədbirlər aparılır. Lakin təəssüf ki, biz bunun yetərli olmadığını görürük. Bu mənada bu kimi halların qarşısını effektiv şəkildə almağın yeganə yolu inzibati cəza tədbirləri tətbiq etməkdir”.
Sevinc